Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance ABŞ hakimiyyəti ilə razılığa gəlib. Baş direktor vəzifəsindən istefa verməyə və birja ilə birlikdə bir sıra qanunları pozduğuna görə dövlət xəzinəsinə kompensasiya ödəməyə məcbur olub. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına əsasən Changpeng Zhao (CZ) Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə (AML) və Bank Sirri Aktı (BSA) qaydalarına riayət etməməkdə təqsirli bilinir. Binance Holdings Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının (IEEPA) pozulması və pul köçürmə operatoru kimi qeydiyyatdan keçməməsi ilə bağlı araşdırmanın həlli üçün 4,32 milyard dollar ödəməyə razılaşıb. Cərimə məbləğinin 15 ay ərzində ödənilməsi planlaşdırılıb. Birjanın “günahını etiraf etməsi” Xəzinədarlıq Departamentinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi (FinCEN), Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) və ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) ilə razılaşmanın bir hissəsidir.
CZ özü noyabrın 21-i istefa verdiyini açıqlayıb. Bu qərar birjanın fəaliyyətini davam etdirməsinə imkan verəcək. CZ əvvəlki kimi Binance birjasının nəzarət səhm paketini özündə saxlayacaq. ABŞ səlahiyyətliləri ilə razılaşma ABŞ Ədliyyə Nazirliyinin ən iri kriptovalyuta birjası ilə bağlı araşdırmasının son mərhələsi olacaq. Birjaya qarşı ittihamları həll etmək məqsədi daşıyan sövdələşmədə ABŞ Ədliyyə Nazirliyi, Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) və ABŞ Maliyyə Nazirliyi iştirak edib.
Binance-nin yeni CEO-su buna qədər birjanın regional bazarlar şöbəsinin rəhbəri vəzifəsində çalışan Richard Teng olacaq.

Müəllif: Elnur Quliyev
