21 noyabr tarixində Binance birjası ilə ABŞ maliyyə tənzimləyiciləri arasında bağlanan sövdələşmə xəbəri kriptovalyuta camiyyəsində həftənin ən maraqlı hadisəsi oldu. Rekord məbləğdə olan cərimə və Binance birjasının rəhbərinin vəzifəsindən getməsi bu sektor iştirakçıları arasında birmənalı qarşılanmadı. Bəzi analitiklər Binance kimi birjanın “sıxışdırılmasını” ümumi kriptovalyuta bazarında qiymətlərin dəyər itirəcəyini ehtimal etsələr də, bu belə olmadı. Əksinə, qisamüddətli qiymət korreksiyasından sonra bitcoin yenidən bahalaşmağa davam etdi. Bəs niyə belə oldu? Bu mövzu üzrə UNEC Biznes Məktəbinin müəllimi, Crypto Consulting MMC-nin direktoru və kriptoinvest.az portalının rəhbəri Elnur Quliyevin şərhini təqdim edirik.
Binance, ticarət dövriyyəsi və müştəri bazasına görə kriptovalyuta bazarında lider birjadır və sektor üzrə xüsusi çəkiyə malikdir. Birja ilə bağlı istənilən neqativ xəbər kriptovalyuta bazarındakı qiymətlərə və investorların əhvalına birbaşa təsir göstərir. Odur ki, ABŞ-da binance birjasına qarşı məlum cəza tədbiri xəbərinin yayılması ilkin məqamda kripto sektora şok effekti yaratdı. Çünki binance-yə kəsilən cəza şərtləri kifayət qədər ciddi idi. ABŞ səlahiyyətliləri ilə müqavilənin şərtlərinə əsasən, Binance ABŞ-dakı fəaliyyətini dayandırmalı, ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinə (FinCEN) 3,4 milyard dollar və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) 968 milyon dollar cərimə ödəməlidir. Birjanın təsisçisi və baş direktoru Changpeng Zhao (CZ) ABŞ federal qanunlarını pozmaqda günahını etiraf edərək vəzifəsindən istefa verməyə və şəxsən 50 milyon dollar cərimə ödəməyə razı oldu. Bu, kriptovalyuta şirkətinə indiyə qədər tətbiq edilən ən böyük cərimədir və ABŞ hökumətinin sənayedə qanun pozuntuları və sanksiyalarla mübarizədə sərtliyini nümayiş etdirir.

Əslində, birjanın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması kimi ciddi tədbir əvəzinə onunla qarşılıqlı anlaşama ilə cərimə edilməsi müəyyən mənada müsbət xəbərdir. Bu, onu göstərir ki, ABŞ maliyyə tənzimləyiciləri (FinCEN, OFAC, SEC, CFTC) 3 il araşdırmadan sonra birjanın federal maliyyə qanunlarını pozmasını cərimə etməklə “göz yummağa” razı oldular. Nəzərə almaq lazımdır ki, birjaya qarşı ilkin cərimə məbləği 10 milyard dollar tələb edilirdi. Cərimə məbləğının endirilməsi ABŞ maliyyə tənzimləyicilərin problemləri həll etmək üçün Binance birjasına güzəştə getməyə hazır olduğunu sübut edir. Əlavə olraq qeyd etmək istəyirəm ki, birjaya qarşı iddialar içərisində bazarın manipulyasiyası və müştərilərin vəsaitlərinin istifadəsi maddəsi yox idi. Bu çox önəmli faktordur. Çünki daha öncə bağlanan birjalara ilk olaraq bu maddələr üzrə ittihamlar irəli sürülmüşdü. Bundan əlavə, ABŞ maliyyə tənzimləyiciəri tərəfindən birjanı ittiham edilən əsas pozuntu kimi “çirkli pulların yuyulmasına qarşı beynəlxalq qaydalara (AML) əməl etməmək” göstərilir. İddialara əsasən 2018-ci ildən 2023-ci ilin may ayına qədər birjada HƏMAS, Şimali Koreya, İran və Rusiya daxil olmaqla sanksiyaya məruz qalan təşkilatlar və dövlətlərlə təxminən 1 milyard dollarlıq əməliyyatlar həyata keçirilib. Bu cür əməliyyatlar Amerika qanunları ilə açıq şəkildə qadağandır və tənzimləyicilərin prinsipial mövqeyidir ki, bunun qarşısını alsınlar. Nəticə etibarıilə, ABŞ hakimiyyəti ilə Binance birjası arasındakı sövdələşmədə siyasi faktorlar da mühüm rol oynayıb. Həmçinin nəzərə almaq lazımdır ki, 2024-cü ilin əvvəlindən ABŞ-ın ən iri investisiya şirkəti BlackRock kriptovalyuta bazarına daxil olmağa hazırlaşır. Odur ki, Binance birjasının ABŞ bazarından çıxarılması BlackRock-un maliyyə tənzimləyicilərinə “siyasi sifarişi” kimi də qəbul etmək olar.
Təyin edilən cərimə məbləği 4.3 milyard dollar olsa da, bu məbləğ 15 ay ərzində ödənilməlidir. Binance birjasının aylıq ticarət dövriyyəsini və qazancını nəzərə alsaq, bunu ödəmək elə də çətin olmayacaq. Əlavə olaraq, qeyd etmək istəyirəm ki, Binance ilə sövdələşməyə əsasən növbəti 5 ildə ABŞ Maliyyə Nazirliyi platformanın maliyyə məlumatlarına çıxış imkanı olacaq və birjanın sanksiyalara uyğunluq proqramına nəzarət edəcək müşahidəçi təyin edəcək. Bu faktor birjanın daha şəffaf fəaliyyəti üçün zəmin yaradacaq və güvəni daha da artıracaq.
Yuxarıda qeyd etdiklərim faktorları nəzərə alaraq, Binance birjasına cəimə ödəmək və ABŞ bazarından çıxmaq müqabilində “digər” fəaliyyətlərinə “yaşıl işıq” verildi. Bununla da, ABŞ maliyyə tənzimləyiciləri sektorda olan kriptovalyuta şirkətlərinə açıq və aydın şəkildə bir mesaj verdilər – “ABŞ-ın maliyyə qanunlarına riayyət edin, siyasi maraqlarına toxunmayın. Qalan digər məsələri qarşılıqlı razılaşma ilə həll etmək olar.”
Hesab edirəm ki, kriptovlayuta sektorunu tənzimləyən vahid qaydalar tətbiq edilməyənə qədər maliyyə tənzimləyici qurumlar birjaları və digər kripto-şirkətləri inzibati tədbirlərlə nəzarətdə saxlayacaq. Əslində, kriptovalyuta sektorunun tədricən tənzimlənməsi prosesi artıq başlayıb. Düzdür, hazırda əsas alət kimi dövlətlərin inzibati yolla tənzimlənməsi olsa da, yaxın gələcəkdə kripto sektora güvəni daha da artıracaq. Nəticədə, kriptovalyuta sektoruna kapital axını daha da artacaq və kriptovalyuta bazarında rəqəmsal aktivlərin qiymətləri artacaqdır.
Müəllif: Elnur Quliyev

