SEC Spot Bitcoin ETF-i təsdiq etdi

   Yanvarın 11-i ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) ilk dəfə olaraq spot Bitcoin ETF-i təsdiq etdi. Spot Bitcoin ETF-in SEC tərəfindən təsdiqi Bitcoin tarixində əlamətdar hadisələrdən biri hesab edilir. Bu o deməkdir ki, korporativ investorlar bundan sonra birbaşa bitcoin almadan, dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı əldə edəcəklər. ETF üçün müraciət etmiş 11 ərizəçi şirkətin - Grayscale, BlackRock, Valkyrie, Bitwise, Hashdex, ARK 21Shares, Invesco Galaxy, Fidelity, Franklin Templeton, VanEck, WisdomTree təklifləri bir anda təsdiqləndi. Yeni investisiya məhsullarının ticarətinə Nyu-York Fond Birjasında (NYSE), Nasdaq və Chicago Board Options Exchange-də (CBOE) icazə verilir.

Niyə “spot bitcoin ETF” diqqət mərkəzindədir?

   Məlumdur ki, dünyann böyük əksəriyyət ölkələrində kriptovalyutalara hələ də hüquqi status verilməyib. Yəni, kriptovalyutalar qanuni investisiya aləti hesab edilmir. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. Spot bitcoin ETF, bitcoin-in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa bitcoin almadan dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə Nasdaq, NYSE kimi beynəlxalaq birjalarda bitcoin ETF səhmlərini ala bilər. Bitcoin ETF, rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan Bitcoin-ə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply