Bitcoin dəyər itirdi – əsas səbəblər?!?

Avqusutun 5-i ilk kriptovalyuta olan bitcoin bir çox əsas dəstək səviyyələrini qıraraq psixoloji cəhətdən vacib olan 50.000 dollar səviyyəsindən aşağı düşüb. Bitcoin-dən sonra bazar kapitalizasiyasına əsasən “Top 100”-də olan altkoinlər də mənfi dinamika göstərərək 30%-ə qədər dəyər itirməyə başladı. Bəs kiptovalyua bazarında “krizisin” əsas səbəbləri nədir?

       Kriptovalyutaların qiymətinin düşməsi, əslində, qlobal fond bazarlarında daha geniş problemlərin əksidir. ABŞ-da mümkün tənəzzüllə bağlı qorxular artır ki, bu da bütün dünyada riskli aktivlərin satışına səbəb olub. Böyük ehtimal ki, kriptovalyuta bazarındakı korreksiyanın əsas drayveri Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi nəticəsində ABŞ fond bazarında ötən həftədən davam edən çöküş olub. Bundan əlavə, kriptovalyuta bazarında qiymətlərin enməsinə təsir edən əsas faktorlar aşağıdakılardır:

ABŞ-da seçkilər. ABŞ-da qarşıdan gələn prezident seçkiləri kriptovalyuta bazarına da qeyri-müəyyənlik əlavə edib. Prezidentliyə namizəd Kamala Harris populyarlıq qazanmağa başlayıb, kripto icmasının dostu Donald Tramp isə mövqelərini itirir. İnvestorlar Harrisin qələbəsinin kriptovalyuta bazarına mənfi təsir göstərəcəyindən narahatdırlar.

Makroiqtisadi qeyri-müəyyənlik. Bitcoin ABŞ-da məşğulluq məlumatlarının dərci fonunda ucuzlaşıb. Yeni iş yerlərinin sayı gözləniləndən xeyli az idi və bu, mümkün tənəzzül qorxusunu gücləndirdi. Nasdaq və S&P 500 fond indeksləri də bu xəbərə mənfi reaksiya verib.

Mərkəzi Bankların hərəkətləri. Yaponiya Mərkəzi Bankı gözlənilmədən uçot faiz dərəcəsini artırıb. Qərar Yaponiya fond indekslərinin aşağı düşməsinə səbəb oldu və qlobal bazarlara da təzyiq göstərdi. Uçot faiz dərəcəsinin dəyişməsi ilə bağlı ABŞ Federal Ehtiyat Sisteminin (FRS) qeyri-müəyyənliyi də maliyyə bazarlarına təzyiqi artırıb.

Mt.Gox birjasının təzminat ödənişləri. 2014-cü ildə iflas olmuş Mt.Gox kriptovalyuta birjasının istifadəçilərinə təzminat ödənişləri üzrə Kraken və Bitfenix birjlarına satış üçün köçürülən 33.964 BTC kripto-bazarda kütləvi satışa təsir göstərib.  

Kripto ETF-lərdən kapital axını. Kriptovalyuta fondlarından kapital axını ümumilikdə kriptovalyuta bazarına da mənfi təsir göstərib. Belə şəraitdə ETF emitentləri aktivlərini satmağa məcbur olurlar və onların hərəkətləri kriptovalyutaların məzənnəsinə təzyiq göstərir.

        Hesab edirəm ki, bitcoin-in qiymətində yenidən artım potensialı qalmaqdadır. Bitcoin 69.000 dollar olarkən belə, bazarda müyyən qiymət korreksiyası olacağı gözlənilən idi. Baxmayaraq ki, bitcoin qısa zamanda 49.000 dollara qədər eniş etdi, hazırda 53.500 dollar ətrafında ticarət olunur. Ehtimal ki, bu növbəti “bitcoin rallisi”-dən qabaq bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır. “Kripto balina”-lar bitcoin-in düşməsindən rəqəmsal aktivləri cəlbedici nisbətdə almaq üçün mütəmadi olaraq istifadə edirlər. İri investorların bazarda bu davranışı onların bitcoin-in gələcəkdə müsbət hərəkəti perspektivlərinə inamından xəbər verir. Böyük ehtimal ki, noyabr ayına qədər qiymətlərin yenidən bahlaşmasını müşahidə edəcəyik və bitcoin 90.000 dolları keçəcək. Bunun üçün əsas fundamental faktorlar ABŞ-da seçkilərin nəticəsi və FRS-in uçot faiz dərəcəsini endirməsidir. FRS-in uçot faiz dərəcəsini endirməsi ilə bitcoin və digər riskli aktivlərin qiymətinin qalxma ehtimalı olduqca yüksəkdir.

Müəllif:  Elnur Quliyev

Bir cavab yazın