ABŞ Federal Ehtiyat Sistemi (FES) sentyabrın 18-də uçot dərəcəsini 0,5 faiz bəndi azaltmaq qərarına gəlib. Bu, 2020-ci ildə COVID-19 pandemiyasının başlanmasından bəri ilk faiz azalması və tənzimləyici tərəfindən kifayət qədər aqressiv addımdır. Kriptovalyuta bazarının reaksiyası mülayim oldu – bitcoin məzənnəsi qısa müddət ərzində 62.589 dollara qədər yüksəldi və bundan sonra da 60.500 dollardan yuxarı qiymətdə stabilləşməyi bacardı. ABŞ şirkətlərinin səhmləri də yüksəldi, Nasdaq 0,8%, S&P 500 isə 0,6% bahalaşıb. Qızıl 0,8% bahalaşaraq 2.600 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. ABŞ Dolları İndeksi (DXY) isə 0,5% azalaraq 100,3-ə düşüb. FES-in faiz qərarının əsas məqamları:
- Faiz dərəcəsinin 0.5% endirilməsi əmək bazarında yavaşlamanın qarşısını almaq üçün aqressiv addımdır;
- FES-in məqsədi uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmaqdır.
Kriptovalyuta ilə əlaqəli səhmlər də FES-in faizi aşağı salınmasından sonra yüksəldi. MicroStrategy (MSTR) gün ərzində 3,6%, kriptovalyuta səhmləri Coinbase (COIN) və investisiya şirkəti Galaxy (GLXY) isə 2%-3% bahalaşıb. Bitcoin maynerləri Marathon Digital və Riot Platform müvafiq olaraq 1,6% və 3% bahalaşarkən, TeraWulf (WULF), BIT Digital (BTBT) və CORE Scientific (CORZ) təxminən 7% qazancla ralliyə liderlik edib.

FES-in qərarını açıqlamasından sonra Jerome Powell ənənəvi mətbuat konfransı keçirib. Onun çıxışının əsas açıqlamaları:
- ABŞ iqtisadiyyatı bütövlükdə güclü olaraq qalır, istehlak xərcləri davamlılığını saxlayır;
- İnflyasiya əhəmiyyətli dərəcədə aşağı düşüb, lakin hələ də 2%-lik hədəfdən yuxarıdır;
- İqtisadiyyat sabit qalsa və inflyasiya dayanıqlı qalsa, FES monetar yumşaltma tempini ləngidə bilər;
- İnflyasiyanın yüksəlməsi riskləri azalıb, əmək bazarında zəifləmə riskləri isə artıb;
- FES gələcəkdə dərəcələri daha sürətli endirə və ya uyğun olarsa, fasilə verə bilər.
FES-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə necə təsir edəcək?
FES uçot dərəcəsini artırmağa 2022-ci ilin martında, Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsi fonunda başlayıb. 2023-cü ilin iyul ayında FES uçot dərəcəsi 5,25-5,5% pik həddə qədər çatdırdı və o vaxtdan indiyə qədər sabit saxlayır. Odur ki, faiz dərəcəsinin azaldılması ilə bağlı mümkün qərarın qəbul edilməsində əsas faktor tənzimləyicinin inflyasiyanın 2%-ə doğru getdiyinə inamının olmasıdır. Kripto investorların səbrsizliklə gözlədikləri bu hadisə hazırda qiymətlərin qalxmasına təsir edən əsas fundamental faktordu. Kriptovalyutalar ayrıca aktiv sinfi olsalar da, səhm bazarı ilə sıx əlaqəlidirlər, ona görə də FRS-in uçot dərəcəsini 0,5 faiz bəndi azaltması böyük ehtimal bitcoin-in dəyər qazanması ilə müşahidə olunacaq. Faiz dərəcəsini aşağı salındıqda FRS sistemə likvidlik yeridərək açıq bazarda aktivlər əldə etməyə başlayır. Bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyi təşviq edir. Bitcoin-in dəyər qazanması ümumilikdə kriptovalyuta bazarında altkoinlərin qiymətlərinin qalxmasına birbaşa təsir edir. Həmçinin, nəzərə almaq lazımdır ki, cari ilin yanvar ayında SEC (Qiymətli Kağızlar və Birjalar Komissiyası) tərəfindən “spot bitcoin ETF”-in təsdiq olunmasından sonra iri investisiya fondları və korporativ şirkətlər öz portfellərində kriptovalyutalara xüsusi yer ayırmağa başlayıb.
Məlumat üçün qeyd edim ki, uçot faiz dərəcəsi – kommersiya banklarının Mərkəzi Bankdan borc götürmə faizidir. Onun artımı insanları qənaət etməyə sövq edir, çünki uçot dərəcəsi artması kreditlər və depozitlər üzrə faiz dərəcələrinin artmasına səbəb olur. Uçot dərəcəsinin yüksəlməsi fonunda kriptovalyutalar kimi yüksək riskli aktivlər investisiya cəlbediciliyini itirir. Uçot faiz dərəcəsi azaldılması isə əksinə, investorların riskli aktivlərə, o cümlədən kriptovalyutaya marağını artırır.
Müəllif: Elnur Quliyev

