Kriptovalyutalar Rusiyanın maliyyə-pul sisteminə təhlükə törətmir lakin buna baxmayaraq Rusiya Dövlət Bankı (Банк России) kriptovalyutaların ödəniş vasitəsi kimi leqallaşdırılmasının əlehinədir. Bunu Dövlət Bankının sədri Elvira Nabiullina mətbuat konfransında çıxışı zamanı deyib. Elvira Nabiullina bəyan edib ki, Mərkəzi Bank rəqəmsal aktivlərin daxili bazarda ödəniş vasitəsi kimi istifadəsinə qarşıdır və ölkədə kriptovalyuta ekosisteminin inkişafına resurslar yatırmayacaq. Maliyyə tənzimləyicisi hesab edir ki, kriptovalyutaların daxili hesablaşmalar üçün istifadəsi maliyyə bazarında sabitliyi poza və dövlətin pul-kredit siyasətinin həyata keçirilməsini çətinləşdirə bilər. Eyni zamanda, Rusiya Mərkəzi Bankı beynəlxalq ödənişlər üçün kriptovalyutalardan istifadəyə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Lakin E.Nabiullinanın fikrincə, bu cür əməliyyatlar eksperimental hüquqi rejim çərçivəsində aparılmalıdır.
Elvira Nabiullina: “Biz həqiqətən də xarici ödənişlər üçün kriptovalyutanın istifadəsi ilə bağlı layihələri dəstəkləyirik və təşviq edirik. Bununla belə, biz kriptovalyutaların Rusiya daxilində ödəniş vasitəsi kimi istifadə edilməməli olduğuna inanmaqda davam edirik”.

Müəllif: Elnur Quliyev
