Martın 20-si ABŞ Prezidenti D.Tramp Nyu-Yorkda keçirilən “Blockworks Digital Asset Summit 2025”-də rəqəmsal valyutalara bağlı rəsmi çıxış etdi. Bununla da, Tramp kriptovalyuta konfransında əvvəlcədən yazılmış video müraciət formatında çıxış edən ilk ABŞ prezidenti oldu. Tramp öz bəyanatında ABŞ-ı “dünyanın kriptovalyuta paytaxtı” etmək niyyətini bir daha təsdiqlədi. Prezident əvvəlki administrasiya ilə müqayisədə sənayenin tənzimlənməsində son dəyişiklikləri yüksək qiymətləndirib və ABŞ hökumətinin kriptovalyutalarla bağlı “tənzimləmə müharibəsini” bitirdiyini qeyd edib. Tramp çıxışı zamanı kriptovalyuta şirkətlərinə qarşı bankların “Operation Chokepoint 2.0” adlı ayrı-seçkilik kompaniyasını tənqid edib.
D.Tramp vəzifəyə gəldikdən sonra bir neçə kriptovalyuta sektoru lehinə sərəncam imzalayıb. Onların arasında Rəqəmsal Aktivlər üzrə İşçi Qrupun yaradılması haqqında 23 yanvar sərəncamı və bitkoinin strateji ehtiyatının formalaşdırılması haqqında 7 mart fərman var. Əlavə olaraq, Tramp “Ağ Ev”-də kriptovalyuta tənzimlənməsinin gələcəyini müzakirə etmək üçün sənaye liderlərini bir araya toplayan ilk “Kriptovalyuta Sammiti”-ni keçirdi.
Blockworks Digital Asset Summit 2025
”Blockworks Digital Asset Summit 2025″ (DAS 2025) 18-20 mart 2025-ci il tarixlərində Nyu-York şəhərində, Javits Center North-da keçirilib. Bu tədbir, rəqəmsal aktivlər və blokçeyn texnologiyasının qlobal maliyyə bazarlarında rolunu müzakirə etmək üçün ənənəvi maliyyə və rəqəmsal aktivlər sahəsindəki liderləri bir araya toplayıb. DAS 2025-in əsas məqsədi, rəqəmsal aktivlərin institusional portfellərə inteqrasiyası, tənzimləyici inkişaflar və maliyyə innovasiyalarını müzakirə etmək olub. Tədbir, qlobal aktiv menecerləri, hedc fondları, banklar, brokerlər və fintech şirkətlərindən olan yüksək səviyyəli qərar qəbul edənləri bir araya gətirərək bu ekosistemi formalaşdıran yenilikləri araşdırıb. Tədbirdə çıxış edən nüfuzlu şəxslər arasında aşağıdakılar olub:
- Michael Saylor, İcraçı Sədr, MicroStrategy
- Richard Teng, CEO, Binance
- Mohamed El-Erian, Baş İqtisadi Müşavir, Allianz
- Brad Garlinghouse, CEO, Ripple
- Anatoly Yakovenko, Həmtəsisçi və CEO, Solana Labs
- Robbie Mitchnick, Rəqəmsal Aktivlər üzrə Rəhbər, BlackRock
- Cathie Wood, Həmtəsisçi və CEO, ARK Invest
- Mike Novogratz, Həmtəsisçi və CEO, Galaxy Digital
DAS 2025-də müzakirə olunan əsas mövzular:
- Rəqəmsal aktivlər üçün makro iqtisadi əsaslar: Kriptonun daha geniş iqtisadi meyllərə necə uyğunlaşdığı.
- ETF-lər və institusional investisiya: Rəqəmsal aktiv ETF-lərinin qlobal kapital bazarlarındakı rolu.
- Rəqəmsal aktivlərin tənzimlənməsi: İnstitusional qəbul üçün siyasət çərçivələri.
- Stablecoin-lər və ödənişlər: Qlobal ödəniş infrastrukturunun təkamülü.


Müəllif: Elnur Quliyev
