Dünyanın ən böyük kriptovalyuta birjası Binance-in əsas səhmdarı və keçmiş baş direktoru Changpeng Zhao (CZ), Pakistan Kriptovalyuta Şurasına (PCC) strateji məsləhətçi təyin edilib. Bu açıqlama, Federal Maliyyə Naziri və Gəlirlər üzrə Senator Muhammad Aurangzebin sədrliyi ilə Pakistanın Qiymətli Kağızlar və Birja Komissiyasının sədri, Dövlət Bankının qubernatoru, Federal Hüquq və İnformasiya Texnologiyaları Katibləri də daxil olmaqla yüksək səviyyəli hökumət rəsmilərinin iştirak etdiyi yüksək səviyyəli görüşdən sonra verilib. CZ qlobal miqyasda rəqabətə davamlı kriptovalyuta ekosistemi yaratmaq üçün Pakistan hökuməti ilə işləməli olacaq. Bu təyinatı Pakistaının blokçeyn, Web3 və rəqəmsal valyutaları qəbul etmək ambisiyalarında irəliyə doğru böyük bir addımı kimi qiymətləndirmək olar.
Pakistanın maliyyə naziri M.Aurangzeb: “Bu, Pakistan üçün tarixi bir məqamdır. Biz dünyaya Pakistanın innovasiyaya hazır olması barədə aydın siqnal göndəririk. CZ ilə birlikdə biz Pakistanı Web3, rəqəmsal maliyyə və blokçeyn əsaslı inkişaf vasitəsilə regional gücə çevirmək vizyonumuzu sürətləndiririk.”

Son vaxtlara qədər Pakistan kriptovalyutaların istifadəsini qadağan edirdi, lakin sonra hakimiyyət öz mövqelərinə yenidən baxaraq onları leqallaşdırmaq qərarına gəldi. Kriptovalyutaların hüquqi sahəyə daxil edilməsi planı Bilal Bin Saqibin cari ilin martın əvvəlində maliyyə nazirinin baş müşaviri təyin edilməsindən sonra hazırlanıb. Bilal Bin Saqib, “Pakistan maliyyənin gələcəyinə qapılarını açır. Dünyanın ən böyük kriptovalyuta birjasını yaradan və milyardlarla insanın maliyyə azadlığı haqqında düşüncə tərzini dəyişdirən CZ-dən daha yaxşı kim bizi yönəldə bilər?” açıqlma verib. CZ isə bildirib ki, Pakistan yüksək demoqrafik potensiala malikdir, ölkə əhalisinin 60%-dən çoxu 30 yaşdan aşağıdır. Yeniliklərə açıq olması ölkəni Cənubi Asiyada rəqəmsal iqtisadiyyat liderinə çevirə bilər.
