Dubayın Maliyyə Departamenti (DOF) və Crypto.com platforması kriptovalyutalardan istifadə edərək dövlət xidmətləri üçün ödənişlərə icazə verən anlaşma memorandumu imzalayıblar. Müqavilə texniki cəhətdən həyata keçirildikdən sonra müştərilər ödənişləri dirhəmə çevirən Crypto.com rəqəmsal pul kisələri vasitəsilə xidmətlər üçün ödəniş edə biləcəklər. Bu təşəbbüs “Digitizing Life in Dubai” proqramı çərçivəsində həyata keçirilib.
Dubayın “Cashless Dubai Strategy” proqramı 2026-cı ilədək ödənişlərin 90%-nin nağdsız formaya keçməsini nəzərdə tutur. Dubayda kriptovalyutalar ilə dövlət xidmətlərinə ödənişlərin rəsmiləşdirməsi texnoloji, iqtisadi və geosiyasi baxımdan əlamətdar hadisədir. Bu təşəbbüs yalnız rəqəmsallaşma deyil, maliyyə inklüzivliyi, texnologiya və idarəetmə baxımından strateji əhəmiyyət daşıyır. Bu strategiyanın 4 əsas hədəfi var:
- Dövlət sektorunda innovasiyanın inteqrasiyası;
- Nağdsız iqtisadiyyatın inkişafını sürətləndirmək;
- Blockchain texnologiyası vasitəsilə şəffaflığın təmin edilməsi;
- Qlobal investorları cəlb etmək.

Yeni strategiya rəqəmsal ödənişlərdə, o cümlədən süni intellektə əsaslanan həllər və təmassız texnologiyalarda innovasiyalara üstünlük verir. Dubaydakı mağazaların 99%-də rəqəmsal ödənişlərdən istifadə edilməsi planlaşdırır. Nağdsız ödəniş pulu tamamilə ləğv etmək demək deyil, bunun əvəzinə ödənişlər bank proqramları və kredit kartları, o cümlədən rəqəmsal valyutalar şəkildə həyata keçiriləcək.
Niyə məhz dövlət xidmətlərindən başlanıldı?
- Rəqəmsal iqtisadiyyatın inkişafı: Dövlət sektorundakı istənilən dəyişiklik xüsusilə fintech sahəsində özəl sektoru da stimullaşdırır. Kriptovalyutalarla ödəniş imkanları biznes və turizm baxımından ölkəni daha cəlbedici edir.
- Etimadın artması: Dövlət kriptoya etibar edirsə, ictimai sektor da bu texnologiyaya daha tez adaptasiya olunur. Bu faktor kriptovalyutalara qarşı olan skeptisizmi azalda bilər.
- Maliyyə xidmətlərində yenilik: Ənənəvi bank sistemləri ilə müqayisədə kriptovalyutalar ilə daha sürətli və aşağı komissiyalı əməliyyatlar mümkündür.
Rəqəmsal transformasiya dövlət idarəetməsinə yeni yanaşma tələb edir. Kriptovalyutalar, xüsusilə blockchain texnologiyası üzrə inşaflar, dövlət sektorunda innovativ həllər üçün yeni imkanlar yaradır.
Müəllif: Elnur Quliyev
