Video oyunların satış şirkəti olan GameStop mayın 28-i 4710 ədəd ilk bitcoin (BTC) alışını elan etdi. Bu alış üçün təqribən 512 milyon dollar vəsait ayrılıb. GameStop BTC alışını elan etdikdən sonra şirkətin səhmləri (GME) Nyu-York Fond Birjasında (NYSE) birjadankənar ticarətdə 7% bahalaşaraq 37,43 dollar olub.
GameStop-un bitcoin almasının əsas məqsədi:
- Maliyyə aktivlərini diversifikasiya etmək – bitcoin-i inflyasiyaya qarşı qoruyucu aktiv kimi balansına əlavə edir.
- Web3 və rəqəmsal texnologiyalara inteqrasiya – şirkət özünü ənənəvi pərakəndəçi deyil, texnoloji oyunçu kimi təqdim edir.
- Yeni nəsil investorları cəlb etmək – kripto cəmiyyətinə siqnal verir və gənc investor marağını gücləndirir.
- Kapital dəyərinin artımından faydalanmaq – bitcoin-in uzunmüddətli dəyər artım potensialına inanır.
- Gələcəkdə kriptovalyuta ödənişlərinə keçidə hazırlıq – NFT və oyun platformalarında BTC ilə ödənişi mümkün edə bilər.

GameStop nə ilə yadda qalıb?
GameStop Amerika mənşəli bir video oyun pərakəndə satış şirkətidir. Şirkət əsasən fiziki video oyun disklərinin, oyun aksesuarlarının və konsollarının satışında ixtisaslaşıb. Lakin texnologiyanın və rəqəmsal oyun yükləmələrinin artması ilə GameStop-un ənənəvi biznes modeli zamanla çətinliklərlə üzləşib. GameStop 2021-ci ildə “Meme Stock” ilə məşhurlaşdı.
“Meme Stock” fenomeni: Reddit platformasında fəaliyyət göstərən r/WallStreetBets adlı forum istifadəçiləri GameStop-un qiymətinin süni şəkildə aşağı salındığını müşahidə edərək bu səhmləri toplu şəkildə almağa başladılar. Bunun nəticəsində GameStop-un səhmlərinin qiyməti 2021-ci ilin əvvəlində dramatik şəkildə artdı (bir neçə dollardan yüzlərlə dollara yüksəldi). Bu hadisə Wall Street hedge fondlarına qarşı “rəqəmsal üsyan” kimi dəyərləndirildi və qlobal mediada böyük əks-səda doğurdu. Nəticədə GameStop, maliyyə bazarlarında “meme stock” anlayışının simvoluna çevrildi.
Müəllif: Elnur Quliyev
