D.Trump və E.Musk münaqişəsinin kriptovalyuta sektoruna təsiri

2025-ci ilin iyun ayının əvvəli ABŞ-da iki dominant fiqurun — Prezident Donald Trump və texnoloji nəhəng Elon Musk arasında gözlənilmədən alovlanan açıq münaqişə ilə yadda qaldı. Uzun müddət ərzində strateji tərəfdaş kimi çıxış edən bu iki şəxs arasında münasibətlər qəfil şəkildə pozuldu və bu, təkcə siyasi müstəvidə deyil, həm də maliyyə bazarlarında, xüsusilə kriptovalyuta sektorunda zəlzələ effekti yaratdı. E.Musk və D.Trump arasında açıq şəkildə narazılıq və ziddiyyətlərin əsas fundamental səbəbləri bunlardır:

  1. Siyasi və ideoloji fərqlər:
  • Elon Musk özünü libertarian düşüncəli və texnoloji tərəqqiyə meyilli bir şəxs kimi göstərir. O, həmçinin açıq sözlülüyü və müstəqil düşüncəsi ilə tanınır.
  • Donald Trump isə daha klassik mühafizəkar populist siyasət yürüdür və dövlətçiliyə, proteksionizmə üstünlük verir.
  • Tramp administrasiyası dövründə Musk, bir neçə dəfə ABŞ-ın Paris İqlim Sazişindən çıxması və pandemiya siyasətləri ilə bağlı narazılığını bildirmişdi.

2. İqlim dəyişikliyi və enerji siyasəti:

  • Musk “Tesla” və “SpaceX” vasitəsilə yaşıl enerji və texnologiyaya yönəlmiş bir gələcək qurmağa çalışır.
  • Tramp isə neft və kömür sənayesini dəstəkləyib və iqlim dəyişikliyinə şübhə ilə yanaşdığı üçün bu sahədə Maskla fikir ayrılığı yaşayıb.

3. Şəxsi eqo və nüfuz mübarizəsi:

  • Hər iki şəxs Amerikanın və dünyanın ən nüfuzlu ictimai fiqurlarıdır. Hər ikisinin öz auditoriyası və təsir dairəsi var.
  • Maskın gələcəkdə siyasi arenaya daxil ola biləcəyi ehtimalları da Tramp tərəfindən rəqabət kimi dəyərləndirilə bilər.

Trump-ın Musk-ı açıq şəkildə tənqid etməsi, xüsusilə Truth Social platformasında etdiyi paylaşımlar, Tesla və digər Musk-a bağlı şirkətlərin səhmlərinə mənfi təzyiqlər yaradıb. İnvestorlar bu cür siyasi-sosial qarşıdurmaların şirkətlərin reputasiyasına və gələcək tənzimləmələrə təsir edə biləcəyindən ehtiyat edirlər. Xüsusilə sosial media və texnologiya sektorlarında qeyri-müəyyənlik artıb. Hesab edirəm ki, Musk-Trump münaqişəsinin yaranmasına birbaşa təsir edən əsas səbəblər aşağıdakılardır:

a) Vergi qanunvericiliyi və iqtisadi yanaşmalar:
E.Musk D.Tramp administrasiyasının təqdim etdiyi və “böyük və əla” adlandırılan yeni vergi qanun layihəsini sərt tənqid etdi. Onun fikrincə, bu qanun layihəsi texnoloji inkişafı və innovativ təşəbbüsləri boğur, kiçik və orta sahibkarları sıxışdırır.

b) DOGE Departamentindən istefa:
E.Musk dövlət strukturlarında texnoloji islahatlara dəstək məqsədilə yaradılmış “DOGE” departamentindəki vəzifəsindən istefa verdi. O, proseslərin qəsdən ləngidildiyini və populist qərarların üstünlük qazandığını bildirdi.

c) Şəxsi ittihamlar və media effekti:
Münaqişə təkcə iqtisadi və idarəçilik sferasında qalmadı — Musk ictimai şəkildə Trampı Jeffrey Epstein-ə dair sənədləri gizlətməkdə günahlandırdı. Tramp isə cavab olaraq, Musk-ın dövlət müqavilələrindən kənarlaşdırılmasını gündəmə gətirdi.

Münaqişənin ictimailəşməsi Tesla Inc. səhmlərinin 14%-ə qədər dəyər itirməsinə, Elon Musk-ın şəxsi sərvətində $34 milyard azalmasına səbəb oldu. SpaceX-in Dragon proqramının dayandırılacağı elan edilsə də, sosial mediada yaranan təzyiqlər və bəzi müttəfiqlərin vasitəçiliyi ilə bu qərardan geri çəkildi. Tramp tərəfdarı olan bəzi senatorlar Musku “xəyanətkar elitist” adlandırdı, eyni zamanda Respublikaçılar Partiyası daxilində parçalanma riski artdı. Bu fon şəraitində tərəflər arasında birbaşa barışıq olmasa da, müəyyən “sakitlik fazası” müşahidə olundu.

Musk-Trump münaqişəsinin kripto sektora təsirləri.

E.Musk və D.Trump hər ikisi kriptovalyuta sektorunda hazırda ən fəal fiqurlar kimi çıxış edir. Təbii ki, onlar arasında istənilən münaqişə kriptovalyuta bazarındakı qiymətlərə mənfi təsir göstərir. Mövcud vəziyyətdə Musk-Trump münaqişəsinin kripto sektora təsirləri:

  1. D.Tramp administrasiyasının rəqəmsal aktivlərlə bağlı planlarının gecikməsi – D.Tramp prezidentlik müddətində ABŞ-da “kripto ehtiyat” sisteminin qurulması və kriptomaynerliyin milli strategiyaya çevrilməsi təşəbbüsü ilə çıxış etmişdi. Lakin münaqişə onun bu sahədəki siyasi iradəsini zəiflətdi və Konqresdəki dəstəyi zədələdi. Münaqişə uzanarsa və impiçment riski qalarsa, bu layihələr dayana bilər.
  2. E.Musk-ın rolunun azalması – E.Musk kriptovalyutaların populyarlaşdırılmasında əsas fiqurlardan biridir. Onun Doge, Bitcoin və Ethereum-a dəstəyi həm texnoloji, həm də ictimai cəhətdən sektoru canlandırmışdı. Lakin bu münaqişə onun hökumət səviyyəsində lobbi imkanlarını zəiflətdi. DOGE departamentindən çıxması və siyasətdən geri çəkilməsi, memecoin-lərin gələcək inkişafını təhlükə altına atır. Musk-ın sosial media təsiri olmadan bu cür koinlər daha az dəstək ala bilər.
  3. İnvestorların etimadında zəifləmə – Siyasi risklərin artması, xüsusilə şəxsi xarakterli və qeyri-stabil münasibətlər fonunda kriptovalyuta bazarına olan inam zərbə aldı. 5 iyun tarixində ilk kriptovalyutanın qiyməti $100.000 həddinə qədər eniş göstərdi, investorlar qeyri-müəyyənlik səbəbindən satışa getdi. DOGE və digər altkoinlər də ciddi dəyər itirdi.
  4. Siyasi dəstəyin parçalanması – Kriptovalyuta sektoru indiyə qədər həm Musk, həm də Trump tərəfindən siyasi cəhətdən lobbiləşdirilmişdi. İki əsas dəstəkçinin qarşıdurması siyasi fragmentasiya yaradır, bu da kriptorequlyasiyalar üzrə vahid strategiyanın formalaşmasını çətinləşdirir. SpaceX, Tesla və Neuralink kimi texnologiya nəhəngləri blockchain, AI və Web3 sahələrində innovasiyalara öncülük edirdi. Lakin dövlət dəstəyinin zəifləməsi bu təşəbbüslərin ləngiməsinə səbəb ola bilər.
  5. “Epşteyn faylları” və ictimai rüsvayçılıq riski – Elon Musk ictimai şəkildə D.Trampı Jeffrey Epstein işi ilə əlaqəli sənədləri gizlətməkdə ittiham etdi. Onun iddiasına görə, Tramp bu fayllarda adı keçdiyi üçün onların tam açıqlanmasına mane olur. Bu ittiham ABŞ ictimaiyyətində rezonans doğurdu və Trampın siyasi imicinə ciddi zərbə vurdu.

Musk-Trump münaqişəsi bir daha sübut etdi ki, kriptovalyuta sektoru təkcə texnologiya və iqtisadi mexanizmlərdən deyil, siyasi və şəxsi münasibətlərdən də dərindən təsirlənir. Bu amillərin nəzərə alınması, sektorda daha dayanıqlı və uzunmüddətli strategiyaların formalaşdırılması üçün vacibdir.

Müəllif: Elnur Quliyev 

Leave a Reply