Son illərdə qlobal maliyyə sistemində baş verən dəyişikliklər fonunda kriptovalyutalar, xüsusilə də bitcoin (BTC), investorların diqqət mərkəzində olan alternativ maliyyə aktivi sinifinə çevrilmişdir. Ənənəvi bazarlarla müqayisədə daha yüksək volatilliyə malik olan bu rəqəmsal aktivlərin qiymətinə həm texniki amillər, həm də makroiqtisadi göstəricilər ciddi təsir göstərir. ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq, həm maliyyə bazarlarına, həm də kriptovalyutalara istiqamət verən “qlobal mərkəz” rolunu oynayır. ABŞ-da açıqlanan iqtisadi göstəricilər – faiz dərəcələri, dollar indeksi, işsizlik və inflyasiya səviyyəsi (CPI və PPI) – qlobal investorların qərarlarını, risk iştahını və kapital axınlarını formalaşdırır. Bu araşdırmada ABŞ iqtisadiyyatının iqtisadi göstəricilərinin kriptovalyutaların qiymət dinamikasına necə təsir etdiyini qısa və lakonik formada izah etməyə çalışacam.
ABŞ-ın 5 əsas iqtisadi indikatoru kriptovalyutaların qiymətinə birbaşa və dolayı yolla təsir edir:
1. Federal Rezerv Sisteminin faiz dərəcəsi (Federal Funds Rate)
FRS-in monetar siyasətində əsas vasitədir. Faiz dərəcələrinin dəyişməsi iqtisadiyyatda kredit faizlərinə, likvidliyə və riskli aktivlərə marağa birbaşa təsir edir. FRS bu vasitə ilə iqtisadiyyatdakı pul təklifini idarə edir. Faiz dərəcəsinin artırılması kreditləri bahalaşdırır və istehlak xərclərini azaldır. Bu, inflyasiyanı nəzarətdə saxlamaq məqsədi daşıyır.
- Faiz artımı – riskli aktivlərə maraq azalır, kriptovalyutaların qiymətləri enir.
- Faiz azaldılması – investorların riskli və alternativ aktivlərə maragı artır. Kriptovalyutalar dəyər qazanır.
2. İstehlak Qiymətləri İndeksi – CPI (Consumer Price Index)
Əhalinin gündəlik istehlak etdiyi mallar və xidmətlərin qiymət səviyyəsini ölçür, inflyasiya səviyyəsinin göstəricisidir. CPI-nin artımı həm də istehlak xərclərinin və həyat səviyyəsinin təsirlərini göstərir. Sosial və siyasi qərarlar da bu göstəriciyə əsaslana bilər.
- Yüksək CPI – investorlar inflyasiyaya qarşı qorunmaq üçün rəqəmsal aktivlərə yönəlir.
- Aşağı CPI – dolların gücü artır, riskli aktivlərə maraq azalır.
3. İstehsalçı Qiymətləri İndeksi – PPI (Producer Price Index)
PPI istehsalçıların məhsul və xidmətlər üzrə satış qiymətlərindəki dəyişiklikləri izləyir. Bu göstərici inflyasiyanın ilkin mərhələsini təmsil edir və CPI-yə öncədən siqnal verir. PPI göstəricisi investorların gələcəkdə gözlənilən FRS siyasəti haqqında proqnoz verməsinə kömək edir.
- PPI-nin artması – yüksək istehsal xərcləri inflyasiyanın artacağına işarədir, bu da bitcoin-ə tələbi artırır.
- PPI-nin azalması – inflyasiya təzyiqləri zəifləyir, bitcoin-ə maraq azala bilər.
4. İşsizlik səviyyəsi (Unemployment Rate)
ABŞ-da işləməyən əmək qabiliyyətli əhalinin faizini göstərir. İşsizlik göstəriciləri hər ay açıqlanır və bazarda dərhal reaksiya doğurur. FRS-in siyasətinə və ümumi iqtisadi aktivliyə təsir edir. İşsizlik yüksək olduqda FRS faizləri aşağı saxlamağa meyilli olur.
- Aşağı işsizlik – iqtisadi inam və sərmayə artımı ilə kriptovalyutalara maraq yüksəlir.
- Yüksək işsizlik – riskli aktivlərə olan maraq azalır, kriptovalyutalar satış təzyiqi ilə üzləşir.
5. ABŞ Dollarının gücü (Dollar Index – DXY)
ABŞ dollarının 6 əsas valyutalar (EUR, JPY, GBP, CAD, SEK, CHF) səbətinə qarşı nisbi gücünü ölçən göstəricidir. Bu indeks dolların qlobal bazarda ümumi performansını təhlil etmək üçün istifadə olunur və maliyyə analitikləri, investorlar və mərkəzi banklar üçün vacib göstəricilərdən biridir. DXY qlobal ticarət və sərmayə axınlarında mühüm rol oynayır.
- Dolların güclənməsi – kriptovalyutalara mənfi təsir edir, çünki investorlar daha stabil gəlirə malik dollara üstünlük verirlər.
- Dolların zəifləməsi – bitcoin “təhlükəsiz liman” kimi cazibədar olur.

Bu indikatorlara əsaslanaraq qısa və orta müddətli mövqedə investisiya strategiyasının qurulması olduqca əhəmiyyətlidir. Nəticə etibarilə, kriptovalyutaların gələcəyi yalnız texnologiya və bazar psixologiyası ilə deyil, eyni zamanda ABŞ iqtisadi siyasətinin qlobal rezonans doğuran qərarları ilə sıx şəkildə bağlıdır. İnvestorların daha rasional qərarlar verməsi üçün bu indikatorlar üzrə müntəzəm analizlər və proqnozlar aparması zəruridir.
Müəllif: Elnur Quliyev

