Müasir dövrün süni intellekt əsaslı texnologiyaları ilə qarşılıqlı əlaqənin əsas elementi olan prompt anlayışı, insan-kompüter münasibətlərində yeni bir ünsiyyət forması kimi meydana çıxmışdır. Bu baxımdan, prompt yalnız bir giriş məlumatı deyil, həm də süni intellektin cavab keyfiyyətini və tətbiq effektivliyini müəyyən edən strateji alətdir.
Prompt – süni intellektlə (məsələn, ChatGPT, Midjourney, Copilot və s.) danışmaq üçün verdiyimiz sual, göstəriş və ya komanda deməkdir. Prompt, süni intellektə “nə etməli olduğunu” başa salmaq üçün yazdığımız mətn və ya tapşırıqdır.
Bəs prompt mühəndisliyi nədir?
Prompt mühəndisliyi (Prompt Engineering) – süni intellektlə daha dəqiq və səmərəli işləmək üçün düzgün promptlar yazma sənətidir. Məsələn, eyni məlumatı istəmək üçün iki fərqli prompt yazıla bilər – biri qeyri-dəqiq nəticə verə bilər, digəri isə çox yaxşı cavab gətirə bilər. Bu fərqi yaratmaq üçün prompt mühəndisliyi vacibdir. Prompt mühəndisliyinin əsas məqsədi:
- səhvləri və yanlış anlaşılan cavabları minimuma endirmək;
- süni intellektə aydın, strukturlaşdırılmış və məqsədə uyğun sorğu vermək;
- nəticələrin daha düzgün, faydalı və kontekstə uyğun çıxmasını təmin etmək.
Nümunə:
a) adi prompt – “Mənə bir təqdimat nümunəsi hazırla.”
– Belə bir prompt çox ümumidir. Nə haqda təqdimat? Kimə lazımdır? Neçə slayddır?
b) normal prompt – “10 slayddan ibarət PowerPoint təqdimatı hazırla. Mövzu: Süni intellektin təhsildə rolu. Hər slaydda başlıq və 3-4 açar fikir olsun. Auditoriya: universitet müəllimləri.”
Bu artıq prompt mühəndisliyinin tətbiqidir – konkretlik, məqsəd, format və auditoriya aydın verilib.

Prompt və prompt mühəndisliyi süni intellektin funksional imkanlarını daha geniş miqyasda tətbiq etməyə şərait yaradan, interfeys və nəticə keyfiyyəti arasında körpü funksiyası daşıyan əsas konsepsiyalardan biridir. Bu sahənin inkişafı AI modellərinin daha etik, şəffaf və effektiv istifadəsinə töhfə verir.
Müəllif: Elnur Quliyev
