Müasir maliyyə bazarlarında qərarvermə prosesi yalnız instinkt və bazar təxminlərinə əsaslana bilməz. Alqoritmlərin, böyük verilənlər bazası və sürətli dəyişən likvidliyin hökm sürdüyü bir mühitdə treyderlərə və investorlara lazım olan əsas vasitələrdən biri texniki analiz indikatorlarıdır. Bu alətlər bazarın keçmiş hərəkətlərini təhlil edərək gələcək davranışları modelə salmağa imkan yaradır. Bu məqalədə indikatorların mahiyyəti, növləri və üstünlükləri barədə məlumat verəcəm.
İndikator — texniki analizdə istifadə olunan statistik və riyazi alətdir. O, qiymət hərəkətlərinin tarixi məlumatları əsasında gələcək trendləri, istiqamətləri, impulsları və bazar gücünü təhlil etməyə kömək edir. Təsəvvür edin ki, dənizdə bir gəmi gedir. Gəminin hara getdiyini təxmin etmək üçün kompas, hava göstəricisi və dalğaların istiqaməti kimi vasitələrdən istifadə olunur. İndikatorlar da bazarda belə “kompas” rolunu oynayır – yəni trendləri, dəyişiklikləri və dönüş nöqtələrini göstərir. İndikatorlar treyderlərə satış və ya alış qərarı vermək üçün vizual və sayısal siqnallar təqdim edir. İndikatorlar əsasən qiymət, həcm, vaxt və açıq mövqelər kimi məlumatlar üzərində qurulur.
İndikatorların əsas məqsədi:
- Trendin müəyyən olunması – Qiymət artımı və ya azalma istiqamətini göstərmək;
- Bazarın gücünü və həcməni ölçmək – Ticarətin nə qədər güclü olduğunu göstərmək;
- Dönüş nöqtələrini tapmaq – Qiymətin istiqamət dəyişdiyi yerləri tapmaq;
- Siqnal vermək – “Alış” və ya “satış” üçün zaman seçmək.

İndikatorlardan necə istifadə olunur?
Treyderlər indikatorlardan “təsdiqləyici vasitə” kimi istifadə edirlər. Yəni, bir trendin real olub-olmadığını müəyyənləşdirmək üçün. Praktikada istifadə oluan ən populayar indikatorlar aşağıdakılardır:
| İndikatorlar | Tətbiqi | Nümunələr |
|---|
| Trend indikatorları | bazarda artım və ya azalma trendini göstərir | Moving Average (MA), MACD, Ichimoku |
| İmpuls indikatorları | qiymətin hərəkət sürətini ölçür | Relative Strength Index (RSI), Stochastic, CCI |
| Həcm indikatorları | ticarət həcminin dəyişməsini təhlil edir | On Balance Volume (OBV), Volume Profile |
| Volatillik indikatorları | qiymət dəyişkənliyini göstərir | Bollinger Bands, ATR |
| Dönüş indikatorları | trendlərin sonlanıb əks istiqamətə keçəcəyini bildirir | TD Sequential, Parabolic SAR |
İndikatorların treyderlər üçün əsas üstünlükləri:
- Vizual şəkildə bazarı analiz etməyi asanlaşdırır;
- Qərar verməyə kömək edir;
- Avtomatlaşdırılmış strategiyalara inteqrasiya oluna bilir;
- Emosional alqı-satqıdan qoruyur.
İndikatorlar treyderlər üçün əlavə analiz alətidir. Onlar bazar hissiyatını və texniki vəziyyəti qiymətləndirməkdə mühüm rol oynasa da, fundamental analiz, xəbər axını və risk idarəetməsi ilə birlikdə istifadə olunmalıdır. Yəni, indikatorlar qərarvermə prosesində yol göstərən “fənərlərdir” amma istiqaməti müəyyən edən əsas faktor treyderin bilik, təcrübə və psixoloji dayanıqlığıdır. Bu səbəblə texniki indikatorlara yalnız dəstək aləti kimi yanaşmaq və onları fundamental analizlə birlikdə tətbiq etmək ən optimal yanaşmadır. Hesab edirəm ki, uğurlu treyderlər indikatorlara deyil, strategiyaya əsaslanırlar – indikatorlar isə bu strategiyanın bir parçasıdır.
Müəllif: Elnur Quliyev

