Azərbaycanda sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyat fonunda Biznes TV yeni bir maarifləndirici layihəyə start verib. “KriptoLab” adlanan bu verilişin əsas məqsədi tamaşaçılara rəqəmsal valyutalar və maliyyə texnologiyaları (fintech) sahəsində prkatik, anlaşılan və aktual məlumatlar təqdim etməkdir. Hər buraxılışda izləyiciləri kriptovalyutalar, blokçeyn texnologiyasının tətbiqləri, NFT və Metaverse trendləri, DeFi ekosistemi, eləcə də qlobal və yerli kripto xəbərləri gözləyir.
“KriptoLab” layihəsi, Azərbaycanda rəqəmsal maliyyə savadlılığının artırılmasına, kriptovalyutaların düzgün dərk edilməsinə və fintech sektorunun inkişafına dəstək verməyi hədəfləyir.
Layihənin müəllifi və aparıcısı — Elnur Quliyev, maliyyə və kriptovalyutalar üzrə ekspert, Crypto Consulting MMC və kriptoinvest.az platformasının təsisçisi, həmçinin UNEC Biznes Məktəbi və Sumqayıt Dövlət Universitetinin müəllimidir. “KriptoLab layihəsi yalnız kripto bazarının cari vəziyyətini deyil, həm də bu sahənin iqtisadi və texnoloji aspektlərini izləyicilərə elmi-praktik formada izah etməyi qarşısına məqsəd qoyur. Kriptovalyuta bazarı təkcə investisiya deyil, həm də gələcəyin iqtisadi modelidir. Biz bu layihə ilə insanlara düzgün qərar verməyi, bazar mexanizmlərini anlammağı və riskləri dəyərləndirməyi öyrətmək istəyirik.” – deyə Elnur Quliyev bildirib.
Verilişin buraxılışları Biznes TV-nin efirində və rəsmi sosial media kanallarında yayımlanacaq.
Biznes TV 2024-cü ildə təsis edilmiş, maliyyə və iqtisadiyyat sahəsində ixtisaslaşan Azərbaycanda yeganə tematik televiziya kanalıdır. Kanal iş adamlarına və sahibkarlara yönəlik eksklüziv verilişlər, müsahibələr və reportajlar təqdim edir. Biznes TV-nin əsas məqsədi yerli və qlobal iqtisadi trendləri izləyicilərimizə çatdırmaqla bərabər, iş dünyasına peşəkar ekspert təhlilləri və dərin araşdırmalarla etibarlı məlumatlar verməkdir. Biznes TV-nin vizyonu şəffaflıq, yenilikçilik və obyektivlik dəyərlərinə sadıq qalmaqla, Azərbaycan iş dünyasında etibarlı mənbə olmaqdır.

