Son on ildə qlobal maliyyə sistemində qeyri-sabitlik, inflyasiya riskləri və geopolitik gərginliklər mərkəzi bankların ehtiyat strategiyasını ciddi şəkildə dəyişib. “World Gold Council” məlumatına əsaslanan altı aylıq hesabat göstərir ki, 2022–2024-cü illərdə qızıl alışı sürəti əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb. 2014–2016-cı illərdə mərkəzi bankların cəmi qızıl alışları 1.576 ton təşkil edirdisə, 2022–2024 dövründə bu rəqəm artıq 3.220 tona yüksəlib. Qızılın ilin eyni dövrlərində davamlı olaraq 1.000 ton həddini aşması, ehtiyatların strukturu üzrə strateji dəyişikliklərin uzunmüddətli olduğunu göstərir. Mərkəzi Bankların qızıl alışlarının kəskin artması bu aktivin “rezerv portfeli içində sabitlik sütunu” kimi bərqərar olma niyyətini göstərir. Qızılın qiymətində və bazar şəraitindəki dəyişikliklərə baxmayaraq 2025-də dünya miqyasında bu strategiya de-risk və diversifikasiya məqsədi daşıyır.
2025-ci ilin ilk yarısında 23 ölkə rəsmi qızıl ehtiyatlarını artırıb. Ən aktiv alıcılar:
- Polşa Milli Bankı – 67.2 ton
- Azərbaycan Mərkəzi Bankı – 34.5 ton
- Qazaxıstan Mərkəzi Bankı – 22.1 ton
- Çin Mərkəzi Bankı – 19 ton
- Türkiyə Mərkəzi Bankı – 17.2 ton
Çexiya, Kamboca, Qətər, Hindistan və Qana qızıl ehtiyatlarını daha çox artıran ilk onluqda yer alıblar. Ümumi rəsmi ehtiyatlar da hazırda təxminən 36.359 tona çataraq, son 50 ildə müşahidə olunan ən yüksək səviyyələrdən birini göstərir. Qızıla əsaslanan rezervlərin artması, uzunmüddətli strateji sabitlik nöqteyi-nəzərindən qiymətli aktiv bazasında “hedc” rolunu gücləndirir.

Qızıl alışlarının əsas səbəbləri
Mərkəzi Bankların qızıl istiqamətinə dönüşü bir neçə əsas faktorla bağlıdır. Birincisi, valyuta və inflyasiya riskləri. Dolların uzunmüddətli borc yükünün artması, geosiyasi risklər və maliyyə bazarlarında təzyiq qızılı təhlükəsiz aktiv kimi ön plana çıxarır. İkincisi, rezervlərin diversifikasiyası və de-dollarizasiya tendensiyası. Qızıl hər hansı siyasi sanksiyaya tabe olmayan, kredit riski daşımayan və beynəlxalq hesablaşmalar üçün neytral vasitə kimi çıxış edir. Bu xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlar üçün stabil ehtiyat mexanizmidir. Üçüncü amil isə qızılın sığınacaq aktiv kimi tarixi rolu. Qlobal iqtisadi qeyri-müəyyənlik və borc böhranları fonunda həm dövlət, həm də özəl sektor üçün qızılın qiymət saxlayan xüsusiyyətləri daha çox diqqət çəkir.
Qızılın güclü tərəflərinə baxmayaraq, onun müəyyən məhdudiyyətləri də var. Ən əsas məqam, qızılın faiz və ya dividend gəliri verməməsidir. Qısamüddətli likvidlik və gəlirlilik hədəfləri üçün bu faktor çatışmazlıq yarada bilər. Bundan əlavə, qızılın qiymətində volatillik saxlanılır və makroiqtisadi hadisələrə, eləcə də dollar indeksinin dəyişməsinə həssasdır.

Azərbaycanın qızıl siyasəti: ehtiyatların formalaşması və geoiqtisadi məntiq
Azərbaycanın dövlət ehtiyat sistemi uzun müddət klassik modelə əsaslanırdı: valyuta ehtiyatları əsasən dollar, avro və qlobal istiqraz alətləri ilə idarə olunurdu. 2014–2016-cı illərdə neft qiymətlərinin kəskin ucuzlaşması, dövlət gəlirlərinin azalması və manatın devalvasiyası ölkədə risklərə qarşı yeni yanaşma tələb etdi. Bu dövrdən sonra qızıl ehtiyatlarının portfeldə payının artırılması həm psixoloji sabitlik, həm də real maliyyə dayanıqlığı üçün mühüm elementə çevrildi.
Qızıl – valyuta stressinin amortizatoru kimi
Qızılın əsas üstünlüyü odur ki, o nə bir dövlətin kredit reytinqinə, nə də siyasi qərarına tabe deyil. Azərbaycan 2015-ci devalvasiyasından sonra bunu açıq şəkildə gördü: valyuta ehtiyatları yüksək həcmdə saxlanılsa da, onların dəyəri və likvidliyi dollarla birbaşa bağlı idi. Qızıl isə bu təzyiqdən kənarda qalırdı. Məhz buna görə son illərdə Mərkəzi Bank ehtiyat strukturunda qızılın payını artırmağa start verdi.
De-dollarizasiya və rezervlərin qorunması
Azərbaycan kimi enerji ixracatçı ölkələr üçün geosiyasi risklər daim yüksəkdir: neft qiyməti düşür, tranzit gərginləşir, sanksiyalar və regional konfliktlər yatırım axınına təsir edir. Bu mühitdə qızıl “ən son müdafiə xətti” rolunu oynayır. Mərkəzi Bank son illərdə qızıl alışını sərt templə artıran ölkələr arasında göstərilir. Bu addım: valyuta ehtiyatlarının şaxələndirilməsi, regional risklərin neytrallaşdırılması, dollar və fond bazarından asılılığın yumşaldılması məqsədi daşıyır.
Qızılın psixoloji funksiyası
Dövlət üçün “maliyyə sisteminə etimad” mühüm faktordur. Necə ki, manatın sabit kursu insanların gündəlik davranışını müəyyənləşdirir, eləcə də qızıl ehtiyatları beynəlxalq investorların ölkəyə baxışını formalaşdırır. Çünki qızılı saxlamaq “məni sanksiya ilə bağlaya bilməyəcəksiniz” deməkdir. Bu, müstəqil maliyyə mövqeyi verir. Lakin qlobal bazar dəyişəndə qızılın qiyməti də dəyişir. Nümunə olaraq, dollar güclənəndə adətən qızılın dəyər itirir.
Azərbaycanın qızıl siyasəti son on ilin maliyyə təcrübələrindən nəticə çıxaran, valyuta şoklarını real sektor riskləri ilə birgə analiz edən strategiyadır. Ehtiyat strukturunda qızıl payının artması ölkəyə üç əsas üstünlük verir:
- İnvestisiya etibarı — xarici tərəfdaşlar üçün “rezervləri möhkəm ölkə” imici.
- Geosiyasi müdafiə — sanksiya, təzyiq, valyuta müharibələri qarşısında dayanıqlıq.
- Makro-sabitlik — manatın məzənnəsi və maliyyə bazarının daha sakit idarə olunması.
Qlobal maliyyə sistemində dalğalanmalar artdıqca ölkələr riskdən qaçmaq üçün ən köhnə sığınacağa – qızıla qayıdır. ABŞ-da monetar siyasətin sərtləşməsi, Avropada iqtisadi zəifləmə və regionlarda geopolitik gərginlik mərkəzi bankları ehtiyatlarının strukturunu yenidən düşünməyə məcbur edir. Nəzərə almaq lazımdır ki, qızıl alışları sülh xəyalları üçün deyil, qarşıdakı maliyyə müharibələri üçün qoruyucu zirehdir. Dövlətlər bunu çox sakit amma aqressiv şəkildə edir. Azərbaycan da son illərdə bu tendensiyaya qoşularaq qızılı yalnız simvolik aktiv kimi deyil, real maliyyə müdafiə aləti kimi istifadə etməyə başlayıb.
Müəllif: Elnur Quliyev

