“Binance Blockchain Week 2025” tədbiri çərçivəsində kripto sənayesinin iki ən nüfuzlu siması – Binance birjasının qurucusu Changpeng Zhao (CZ) və MicroStrategy şirkətinin Direktorlar Şurasının sədri Maykl Seylor – ilk dəfə olaraq şəxsən görüşüblər. Bu məlumat həm tədbirin spiker siyahısı, həm də tərəflərin tədbir sonrası paylaşdıqları açıqlamalarla təsdiqlənir. Tədbirin rəsmi spiker siyahısında həm CZ, həm də M.Seylorun çıxışçı kimi yer alıb. Maykl Seylorun çıxışından sonra CZ sosial şəbəkədə “first in person meeting” ifadəsi ilə onların ilk dəfə canlı şəkildə tanış olduqlarını açıqlayıb.
Kriptovalyuta sektorunda nüfuzlu hesab edilən bu 2 şəxsin ilk dəfə bir araya gəlməsi kripto sektorunda korporativ və infrastruktur tərəflərin daha sıx əməkdaşlıq imkanlarının yarana biləcəyinə işarə edir. Bazarın gərgin olduğu bir dövrdə belə bir görüş institusional koordinasiyanın güclənməsi baxımından sektor üçün müsbət siqnal kimi qəbul edilir.

