Nyu-York Fond Birjasında (NYSE) bitkoinin yaradıcısı hesab edilən Satoşi Nakamotonun heykəli qoyulub. Bu, “Wall Street”-in kriptovalyutalara münasibətində köklü bir dəyişikliyi simvolizə edir. Cəmi bir neçə il əvvəl rəqəmsal aktivlər orada xoş qarşılanmırdı. Heykəl bitcoin şirkəti “Twenty One Capital” tərəfindən quraşdırılıb.
Nyu-York Fond Birjası rəssam və dizayner Valentina Pikozzinin “Satoşi Nakamoto” heykəlinin altıncı evi olub. NYSE ənənəvi maliyyə institutlarının mərkəzi kimi tanınır və “X” sosial media hesabında qeyd edib ki, Nakamoto heykəlinin əlavə edilməsi birjanı “inkişaf etməkdə olan sistemlər və mövcud institutlar arasında ortaq bir məkana” çevirir.


Valentina Pikozzinin dünyada daha beş Nakamoto heykəli var – İsveçrə, El Salvador, Yaponiya, Vyetnam və Florida ştatının Mayami şəhərində. V.Pikozzi bildirib ki, o, dünya miqyasında 21 heykəl quraşdırmağı planlaşdırır.

Müəllif: Elnur Quliyev
