UNEC və CFİ: MBA tələbələri üçün investisiya alətləri üzrə praktiki seminar

CFİ İnvestisiya Şirkətinin (CFİ) dəstəyi ilə UNEC Biznes Məktəbi və “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Elnur Quliyev tərəfindən MBA (Master of Bussines of Administration) tələbələri üçün “Rəqəmsal valyutalar” və “Kripto valyuta və kiber risklər” fənnləri üzrə növbəti praktiki seminar keçirilib. Seminarda qiymətli kağızlar, blokçeyn və risklərin idarə edilməsi ixtisası üzrə təhsil alan MBA tələbələrinə real iş mühitində maliyyə alətlərinin analizi, risklərin qiymətləndirilməsi və qərarvermə proseslərinin praktiki əhəmiyyəti izah edilib. Tədris prosesi real bazar nümunələri və praktik tapşırıqlar üzərindən aparılıb.

Seminar çərçivəsində CFİ İnvestisiya Şirkətinin Biznesin İnkişafı Departamentinin direktoru Rüstəm Nurbalayev maliyyə bazarlarında mövcud investisiya alətləri, müasir trendlər və əsas risk faktorları barədə praktik nümunələr əsasında təqdimatla çıxış edib. Eyni zamanda, CFİ-nin ticarət platformasında səhm, kriptovalyuta və digər törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması qaydaları tələbələrə ətraflı şəkildə nümayiş etdirilib. Təqdimatlardan sonra mövzular ətrafında tələbələrlə interaktiv diskussiya aparılıb, onların sualları cavablandırılıb. Seminarın sonunda isə tələbələrə maliyyə bazarları və rəqəmsal aktivlər sahəsində ixtisaslı mütəxəssis olmağın yolları, eləcə də gələcəkdə CFİ İnvestisiya Şirkətində təcrübə keçmək və karyera qurmaq imkanları barədə məlumat verilib.



Leave a Reply