Bitcoin-in adı sadə səslənsə də, arxasında radikal bir fikir dayanır: dəyər artıq fiziki forma, dövlət möhürü və ya mərkəzi nəzarət tələb etmir. Bitcoin göstərdi ki, pul etibarını təkcə dövlətlərdən deyil, riyazi qaydalardan və texnoloji konsensusdan ala bilər. Bu baxımdan Bitcoin bir valyutadan daha çox, maliyyə düşüncəsində yeni mərhələnin başlanğıcını ifadə edən anlayışdır. Bitcoin adı ilk dəfə 2008-ci il oktyabrın 31-də Satoshi Nakamoto tərəfindən yayımlanan “Bitcoin: Peer-to-Peer Electronic Cash System” adlı sənəddə istifadə olunub. Maraqlıdır ki, S.Nakamoto ilkin sənədlərdə “electronic cash” (elektron nağd pul) ifadəsini də istifadə edib, lakin “bitcoin” termini daha yayımlı və yadda qalan oldu. “Electronic cash”, “digital money” kimi ifadələr çox rəsmi idi, “bitcoin” isə qısa, neytral və ideologiyasız səslənirdi.

“Bitcoin” sözü ingilis dilindən gəlir və çox sadə, lakin mənalı iki hissədən (bit + coin) ibarətdir:
- Bit – kompüter elmində “binary digit” (ikili rəqəm) deməkdir. Yəni 0 və ya 1 olan ən kiçik informasiya vahidi.
- Coin – “sikkə, pul” mənasını verir.
Yəni bitcoin = “Rəqəmsal/bit əsaslı sikkə/pul” mənasındadır. Satoshi Nakamoto 2008-ci ildə sistemə bu adı verərkən, onun tamamilə rəqəmsal, fiziki olmayan, kompüter bitlərindən ibarət bir növ “elektron pul” olmasını vurğulamaq istəmişdir.
Bitcoin emblemi (₿) nəyi ifadə edir?
Bitcoin-in rəsmi simvolu ₿ işarəsidir. Onun formalaşması təsadüfi deyil:
- B hərfi – bitcoin sözünün baş hərfi;
- İki şaquli xətt – dollar işarəsinin ($) rəqəmslaşdırılmış versiyasına vizual istinad;
- Narıncı rəng – texnologiya, enerji və fərqlilik mesajı.

Pul tarix boyu formaca dəyişib: daşdan metala, kağızdan rəqəmsal hesablara. Bitcoin isə bu ardıcıllığı pozaraq, pulun ilk dəfə tamamilə kod üzərində qurula biləcəyini göstərdi.
Müəllif: Elnur Quliyev
