2020–2025 dövrü investor davranışlarında ciddi dəyişikliklər yaratdı. Ənənəvi təhlükəsiz limanlar bahalaşdı, riskli aktivlər isə artan qeyri-müəyyənlik fonunda dalğalı hərəkət etməyə başladı. Bu mürəkkəb mühitdə uzun illər “ikinci dərəcəli metal” kimi qəbul edilən gümüş gözlənilmədən ön plana çıxdı. Bu yüksəliş təsadüfi qiymət sıçrayışı deyil, qlobal iqtisadi və texnoloji transformasiyanın məntiqi nəticəsidir. Gümüş artıq təkcə zinət və ehtiyat aləti kimi deyil, real iqtisadiyyatın əsas komponentlərindən biri kimi formalaşmaqdadır.
CompaniesMarketCap-a əsasən, gümüş ilk dəfə olaraq qlobal aktivlər bazarının kapitallaşması reytinqində altıncı yerdən ikinci yerə yüksəlib. 2025-ci ilin oktyabr ayında 1 unsiyası (31.1 qram) 53 dollar olan gümüş 2026-cı il 14 yanvar tarixinə 90 dollara çatıb.

Gümüşün dəyər qazanmasına təsir edən əsas fundamental səbəblər:
1. Sənayedə tələbin kəskin artması – Gümüş artıq təkcə zinət və ya “qızılın kasıb qardaşı” deyil. Elektrikli avtomobillər, batareyalar, günəş panelləri, yarımkeçiricilər istehsalında gümüş əvəzolunmaz texniki metaldır. Yaşıl enerji və texnoloji keçid sürətləndikcə gümüşə olan real iqtisadi tələb artdı. Bu artıq spekulyasiya yox, istehsalat faktıdır.
2. İnvestor davranışının dəyişməsi və siyasi risklər – 2025–2026 dövrü: Geosiyasi gərginliklər, ticarət müharibələrinin qayıdışı, regional münaqişələr, inflyasiya riski. Bu mühitdə investorlar real aktivlərə keçməyə çalışır. Qızıl bahalaşdıqca bir çox institusional investor nisbətən ucuz alternativ kimi gümüşə yönəldi. Bu, portfel diversifikasiyasının məntiqli nəticəsidir və gümüş “ikinci təhlükəsiz liman” rolunu aldı.
3. Gümüş hasilatının struktur məhdudiyyətləri – Gümüş hasilatı əsasən digər metalların istehsalından asılı olduğu üçün qiymət artımı bazarda təklifdə sürətli reaksiya yaratmır. Gümüş hasilatı qızıl kimi sürətlə artırıla bilmir. Yəni, gümüş mədəni açmaq uzun illər (7-15 il) tələb edir: geoloji tədqiqat illər aparır, ekoloji tələblər sərtdir, kapital xərci yüksəkdir. Bu da qısamüddətdə təklifi artırmağı faktiki olaraq mümkünsüz edir. Nəzərə almaq lazımdır ki, dünya üzrə gümüş hasilatının böyük hissəsi mis, qurğuşun, sink və qızıl mədənlərindən yan məhsul kimi çıxarılır. Bu o deməkdir ki, şirkətlər gümüş üçün ayrıca mədən açmır, əsas metalları çıxararkən gümüş də təsadüfən gəlir. Gümüşün qiyməti artsa belə, hasilatçı dərhal “gümüş hasilatını artırıram” qərarı verə bilmir. Çünki əsas gəlir mənbəyi başqa metallardır. Bu səbəbdən gümüş təklifi elastik deyil, qiymət qalxanda təklif tez artmır, defisit (kəsir) yaranır və qiymət daha da qalxır.
Tarixi məlumatlar qəribə bir qanunauyğunluğu ortaya qoyur: gümüşün qiymətlərində kəskin artımlar adətən texnoloji inqilablardan əvvəl baş verirdi: 1970-ci illərdə bu, elektronika, 2000-ci illərdə rəqəmsal cihazlar idi. Hazırda isə süni intellekt və robototexnika sektrorlarının inkişafı tələbatın yeni hərəkətverici qüvvələrinə çevrilə bilər.
Son 5 ildə ən populyar 4 aktiv – qızıl, gümüş, neft və bitcoin üzrə qiymət dəyişməsi statistikası:

Müasir qlobal mənzərədə aktivlər ya sabitliyi, ya da gələcəyi təmsil edir. Qızıl sabitliyin, neft siyasi risklərin, bitcoin texnoloji inqilabın simvolu olaraq qalır. Gümüş isə həm sənaye, həm təhlükəsizlik, həm də nisbi ucuzluq üstünlüyü ilə kapital axınlarının kəsişmə nöqtəsinə çevrildi. Onun yüksəlişi bazar eforiyası deyil, struktur balansın dəyişməsidir. Təklifin elastik olmaması, sənaye tələbinin artması və kapitalın riskdən qaçması gümüşü yeni dövrün strateji aktivlərindən birinə çevirir. Hesab edirəm ki, bu proses qısamüddətli yox, mərhələli və davamlı olacaq.
Müəllif: Elnur Quliyev

