Son günlərdə kriptovalyuta bazarında müşahidə olunan qiymət azalması və qiymətli metalların tarixi maksimumlara yüksəlməsi qlobal maliyyə bazarlarında risk davranışının dəyişdiyini göstərir. Qızıl ilin əvvəlindən bəri təxminən 30% artıb. Gümüş isə eyni dövrdə daha da əhəmiyyətli dərəcədə, 65%-dən çox artıb ki, bu da qiymətli metallara sabit tələbatı əks etdirir. Bitcoin-in qiymətinin 81.200 dollara qədər geriləməsi təsadüfi deyil və bir sıra makroiqtisadi faktorlardaan aslıdır. Çalışacam bunu qısa formada izah edim.
Əvvəla, qlobal miqyasda artan geosiyasi risklər, iqtisadi qeyri-müəyyənlik və monetar siyasətlə bağlı gözləntilər investor davranışını “risk-off” rejiminə keçirmişdir. Bu mərhələdə kapital daha dəyişkən və spekulyativ aktivlərdən çıxaraq, tarixən dəyər saxlayan və “təhlükəsiz liman” kimi qəbul edilən alətlərə yönəlir. Bitcoin institusional səviyyədə qəbul edilsə də, hələ də yüksək volatilliyə malik riskli aktiv kateqoriyasında qiymətləndirilir və bu səbəbdən riskdən qaçma dövrlərində satış təzyiqinə məruz qalır.

İkinci mühüm amil kapital axınlarının strukturunda baş verən dəyişiklikdir. Qızıl və gümüşün qiymətlərinin tarixi maksimumları yeniləməsi investorların inflyasiya, valyuta dəyərsizləşməsi və maliyyə sisteminə olan etimad risklərinə qarşı fiziki aktivləri üstün tutduğunu göstərir. Metalların yüksəlişi fiat valyutalarına inamsızlığı göstərir və “debasement trade” (pulun dəyərsizləşməsi) trendini gücləndirir. Xüsusilə gümüşün həm sənaye metali, həm də investisiya aləti kimi çıxış etməsi bu aktivə tələbi daha da artırmışdır. Bu proses kriptovalyuta bazarına daxil olan likvidliyin qismən qiymətli metallara yönəlməsi ilə nəticələnmişdir.
Üçüncü aspekt bitcoin ilə qızıl arasındakı funksional fərqlə bağlıdır. Nəzəri baxımdan Bitcoin “rəqəmsal qızıl” kimi təqdim edilsə də, praktik bazar davranışı göstərir ki, qısa və orta müddətli dövrlərdə bitcoin daha çox texnoloji və riskli maliyyə aktivləri kimi qiymətləndirilir. Qızıl və gümüş isə qeyri-müəyyənlik dövrlərində əsas kapital qoruma aləti rolunu oynayır. Bu fərq hazırkı mərhələdə qiymətli metalların yüksəlişi fonunda kriptovalyuta bazarında nisbi zəifləməni izah edir.
Nəticə etibarilə, bitcoin-in qiymətindəki azalma kriptovalyutaya olan fundamental marağın itməsi deyil, qlobal maliyyə sistemində risklərin yenidən qiymətləndirilməsi prosesinin nəticəsidir. Qiymətli metalların bahalaşması isə investorların qısa müddətdə təhlükəsizlik və sabitlik prioritetinə üstünlük verdiyini göstərir. Tarixi təcrübə sübut edir ki, bu cür dövrlərdən sonra bazarlar yenidən balanslaşır və risk iştahı bərpa olunduqda kriptovalyutalar yenidən kapital axınlarından faydalana bilər.
Mövcud bazar mənzərəsi göstərir ki, bitcoin fundamental dəyərini itirməyib, sadəcə olaraq qlobal risklərin yenidən qiymətləndirildiyi bir mərhələdə müvəqqəti olaraq aktiv iştirakdan kənara çəkilir. Bu prosesi bitcoin üçün “bazardan çıxış” deyil, daha çox qısa müddətli analitik fasilə və ya bazar terminologiyası ilə desək, “məzuniyyət” dövrü kimi qiymətləndirmək mümkündür. Başqa sözlə, bitcoin hələ oyundadır. Sadəcə bu gün kostyumunu asıb, bazar gurultusundan bir qədər uzaqda dayanaraq növbəti səhnə üçün uyğun anı gözləyir.
Müəllif: Elnur Quliyev

