Bankçılığı dəyişdirən mühüm inkişaflardan biri də fintex sahəsində tətbiq edilən innovativ maliyyə xidmətləri və texnoloji maliyyə məhsullarıdır. Rəqəmsal maliyyə xidmətlərinin inkişafı nəticəsində bank sektorunda yeni konsepsiya kimi həm də açıq bankçılıq (Open Banking) modeli formalaşmışdır. Açıq bankçılıq bankların və digər maliyyə institutlarının müştəri məlumatlarını və ödəniş məlumatlarının müştərinin razılığı əsasında üçüncü tərəf xidmət təchizatçıları ilə paylaşmasına və ödəniş xidmətlərinin göstərilməsinə imkan verən hüquqi və texnoloji həlldir.
Açıq bankçılıq maliyyə sisteminin inkişafında mühüm mərhələ olmaqla, banklar, fintech (fintex) şirkətləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Qlobal rəqəmsallaşma və maliyyə texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə ölkəmizdə açıq bankçılıq konsepsiyasının tətbiqinə başlanılmışdır; belə ki, bu model 2025-ci ilin sonlarından etibarən banklar vasitəsilə, 2026-cı ilin aprel ayından isə elektron pul təşkilatlarının inteqrasiyası ilə daha geniş şəkildə tətbiq olunmağa başlamışdır. Qeyd edilməlidir ki, ödəniş xidmətlərinin əvvəlki illərdə tam tənzimlənmədiyi dövrlərdə də bu sahədə müəyyən praktik təcrübələr mövcud olmuşdur.

Müasir dövrdə bankçılıq fəaliyyəti əsaslı texnoloji transformasiyaya məruz qalmışdır. Xüsusilə maliyyə texnologiyalarının (fintex) bazarlardakı payının artması və onların Tətbiqi Proqramlaşdırma İnterfeysləri (API) vasitəsilə inteqrasiyası bu sektorda yeni dövrün başlanğıcını qoymuşdur. Bu inkişafın növbəti mərhələsi kimi, sektor artıq “Açıq Bankçılıq” (Open Banking) konseptindən daha genişmiqyaslı “Açıq Maliyyə” (Open Finance) modelinə keçidi reallaşdırmalıdır.
Açıq bankçılığın inkişafında mühüm mərhələlərdən biri 2015-ci ildə Avropa İttifaqı tərəfindən PSD2 (Payment Services Directive 2) direktivinin qəbul edilməsi olmuşdur. Bu direktiv eyni zamanda bank sektorunda API-lərin istifadəsi üçün hüquqi əsas yaratmışdır. Ödəniş Xidmətləri Direktivi (PSD1)-nin ilk addımları 2007-ci ildə atılsa da, baş verən sosial-iqtisadi və texnoloji inkişaflar Avropa Komissiyasını müxtəlif proseslərə yenidən baxmağa vadar etmişdir. 2013-cü ildə aparılan işlərin ardından 2014-cü ildə hazır vəziyyətə gətirilən Direktiv 23 dekabr 2015-ci ildə dərc edilərək qüvvəyə minmişdir. Hazırda mövcud olan PSD2 direktivi ilə əldə edilmiş uğurlara baxmayaraq, bazarda mövcud olan boşluqlar və qeyri-bərabər rəqabət mühiti PSD3-ün qəbul olunmasına zəmin yaratmışdır. Payment Services Directive 3 (PSD3), Payment Services Regulation (PSP), Financial Data Access Regulation (FİDA) kimi mühüm beynəlxalq sənədlərlərin layihələri də eyni vaxta hazırlanmışdır. Onu da vurğulamaq lazımdır ki, 23 aprel 2026-cı ildə Avropa İttifaqı Şurası PSD3 və PSR-in yekun razılaşdırılmış mətnlərini təsdiqlədi və ictimaiyyətə açıq şəkildə dərc etdi. Avropa İttifaqı ölkələrini və bu ölkələrlə ticarət əlaqələri olan bir çox dövləti əhatə edən PSD2, uyğunlaşma müddətindən sonra üzv dövlətlərə və dolayısı ilə həmin ölkələrdə fəaliyyət göstərən banklara 13 yanvar 2018-ci il tarixinədək ödəniş xidmətləri üçün API xidmətlərinin təqdim edilməsini məcburi etmişdir.
Həyatın hər sahəsində təsirini hiss etdirən rəqəmsal transformasiya, maliyyə xidmətlərinin də forma və məzmununun dəyişməsinə səbəb olmuşdur. Rəqəmsal transformasiya maliyyə xidmətlərinin forma və məzmununu dəyişmiş, fintex tətbiqlərinin əsas elementlərindən biri isə API-lər olmuşdur. API – proqram təminatlarının hazırlanması üçün istifadə olunan prosedur, protokol və alətlər dəstidir. Hüquqi və texniki nöqteyi-nəzərdən API-lər rəqəmsal ekosistemdə konkret məlumat bazalarına və funksional xidmətlərə çıxışın hüdudlarını və şərtlərini müəyyən edən interfeyslərdir. Onlar müxtəlif proqram təminatları arasında təhlükəsiz və səmərəli məlumat mübadiləsini təmin edən, proqramlararası qarşılıqlı əlaqə “körpüsü” funksiyasını yerinə yetirirlər.Açıq Bankçılıq sistemində də iştirak edən banklar və digər təşkilatlar arasında əlaqələr də məhz API-lər üzərindən qurulur. API-lər banklar və lisenziyalı üçüncü tərəf provayderlər (TPP-lər) arasında təhlükəsiz, tənzimlənən məlumat mübadiləsinə imkan verən strukturlaşdırılmış keçidlər kimi xidmət edir, bu da maliyyə xidmətlərində innovasiyaları mümkün edir, eyni zamanda istehlakçıların tam nəzarətini və təhlükəsizliyini təmin edir.
Azərbaycanda hüquqi tənzimlənmə
Azərbaycanda açıq bankçılıq sahəsində mühüm addımlardan biri “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) qəbul edilməsi olmuşdur. Həmin qanun ödəniş xidmətlərinin göstərilməsi, ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının fəaliyyəti, eləcə də ödəniş sistemlərinin idarə olunması ilə bağlı hüquqi münasibətləri tənzimləyir və fintexlərin maliyyə bazarında rəqabətə daxil olması üçün hüquqi zəmin yaratmışdır. Qanunun 3-cü maddəsində ödəniş xidmətləri sadalanır. Bunlardan “hesab üzrə məlumat xidməti” və “ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti” kimi institutlar məhz açıq bankçılıq modelinin formalaşmasına xidmət edir. Mərkəzi Bankının 13 mart 2024-cü il tarixli qərarı ilə “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası” təsdiq edilmişdir. Bu Qaydaya əsasən autentifikasiya istifadəçinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərin kombinasiyası vasitəsilə həyata keçirilməlidir. Maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və müştəri identifikasiyasının sadələşdirilməsi məqsədilə ölkəmizdə rəqəmsal identifikasiya və gücləndirilmiş müştəri autentifikasiyası (GMA) mexanizmləri tətbiq edilir. Açıq bankçılıq üzərindən xidmətlərin göstərilməsi yalnız istifadəçinin müvafiq razılığı əsasında mümkündür. Xidmətlərin göstərilməsi üçün həm istifadəçinin autentifikasiyası, həm də razılığı imzalaması GMA həyata keçirilir. Bu məqsədlə sistemdə xüsusi razılıq mexanizmi (consent management) tətbiq edilir. Müştərinin hesab məlumatlarına çıxış üçün əvvəlcə razılıq sorğusu yaradılır və bu razılıq gücləndirilmiş autentifikasiya vasitəsilə təsdiqlənir. Razılıq müəyyən müddət üçün qüvvədə olur və istifadəçi istənilən vaxt bu razılığı geri ala bilər. Bu mexanizm maliyyə sektorunda rəqabətin artırılması və innovativ xidmətlərin yaradılması üçün hüquqi və texniki baza yaradır. Eyni zamanda müştəri məlumatlarının qorunması, təhlükəsiz autentifikasiya və razılıq mexanizmləri vasitəsilə istifadəçilərin hüquqlarının müdafiəsi təmin olunur. Açıq bankçılıq ekosisteminin inkişafı üçün məlumat təhlükəsizliyi və fərdi məlumatların qorunması məsələləri də xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və maliyyə bazarlarında informasiya təhlükəsizliyinə dair normativ tələblər ilə tənzimlənir. Xüsusilə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 mart 2024-cü il tarixli, 14/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər” maliyyə institutlarında informasiya təhlükəsizliyinin idarə olunması və həssas məlumatların mühafizəsi üzrə məcburi minimum standartları müəyyən edir.
Ölkəmizdə açıq bankçılıq infrastrukturu Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən koordinasiya olunur. Mərkəzi Bank rəqəmsal ödəniş infrastrukturlarının inkişafı, innovativ maliyyə xidmətlərinin tətbiqi və bank-fintex əməkdaşlığının genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər maliyyə sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsinə və gələcəkdə açıq bankçılıq modelinin daha sistemli şəkildə tətbiq olunmasına şərait yaradır. “Açıq bankçılıq” anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər. 3-cü tərəflər isə müştərilərə bu istiqamətdə sürətli və fasiləsiz maliyyə xidmətləri, bütün hesablarının bir tətbiqdən idarə edilməsi kimi unikal imkanlar təklif edə bilərlər.

Açıq bankçılığın üzrə xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli 49/3 nömrəli Qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilmişdir. Həmçinin Mərkəzi Bank tərəfindən “Açıq bankçılıq üzrə istifadə təlimatı” və “Açıq Bankçılıq daxilində Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinə dair təlimat” da hazırlanaraq təqdim edilmişdir. Bu sәnәdlər Azәrbaycan Respublikasında Açıq bankçılıq tәnzimlәmә çәrçivәsinin bir hissәsi olmaqla sözügedən tələblər ilə müəyyən olunmuş xidmәtlәr üçün hesaba xidmәt edәn ödәniş xidmәti tәchizatçıların (ASPSP) interfeyslәrinin standartını müәyyәn edir. Bu standartlar ekosistemin texnoloji arxitekturasını cızmaqla yanaşı, həm də iştirakçıların qarşılıqlı fəaliyyətinin legitimliyini təmin edən zəruri platformanı formalaşdırır.
Açıq Bankçılıqda modellər
Açıq bankçılıqda 2 model fərqləndirilir AISP və PISP. Həmin modelləri incələmək üçün azı aşağıdakı anlayışları bilmək lazımdır.
- ASPSP (Account Servicing Payment Service Provider) ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı – ödəniş xidməti istifadəçisinin ödəniş hesabı olan və ona ödəniş xidməti göstərən ödəniş xidməti təchizatçısı;
- TPP (Third Party Provider) üçüncü tərəf təchizatçı – istifadəçinin maliyyə məlumatlarına giriş əldə edən və ya onun adından ödəniş əməliyyatları həyata keçirən üçüncü tərəf provayder; TPP AISP və PISP rolunda çıxış edə bilir.
- AISP (Account Information Service Provider) hesab üzrə məlumat xidməti təchizatçısı – istifadəçinin bir və ya bir neçə ödəniş hesabı üzrə məlumatların əldə edilməsinə imkan verən xidmət göstərən təşkilat;
- PISP (Payment Initiation Service Provider) Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı – ödəniş xidməti istifadəçisinə ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı;
- PSU (Payment Service User) ödəniş xidməti istifadəçisi – ödəniş xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs.

Azərbaycanın maliyyə sektorunda Açıq Bankçılığın tətbiqi rəqəmsal iqtisadiyyatın qurulması yolunda atılmış ən strateji addımlardan biridir. Lakin bu, prosesin sonu deyil, daha geniş əhatəli Açıq Maliyyə (Open Finance) konseptinə keçid üçün bir tramplindir. Açıq maliyyə, məlumat mübadiləsini yalnız bank hesabları ilə məhdudlaşdırmayıb, sığorta, investisiya, pensiya və daşınmaz əmlak kimi sahələri də vahid ekosistemə inteqrasiya edir.
