ABŞ Senatı kriptovalyutalarla bağlı “CLARITY Act” qanununu təsdiqlədi

ABŞ Senatının Bank Komitəsi mayın 14-də rəqəmsal aktiv bazarının tənzimlənməsini nəzərdə tutan “Digital Asset Market CLARITY Act” adlı qanun layihəsini səsverməyə çıxararaq təsdiqləyib. Qanun layihəsi kriptovalyuta bazarında tənzimləyici qeyri-müəyyənliyi azaltmaq və SEC ilə CFTC arasında səlahiyyət bölgüsünü dəqiqləşdirmək məqsədi daşıyır. CLARITY qanun layihəsinin nəzərdən keçirilməsi bankirlər və kripto şirkətləri arasındakı fikir ayrılıqları səbəbindən dəfələrlə təxirə salınmışdı. Daha sonra qanun layihəsinin kompromis versiyası təklif edilib. Senatın Bank Komitəsində keçirilən səsvermədə layihə 15 “lehinə”, 9 “əleyhinə” səslə qəbul olunub.

“CLARITY Act”ın əsas məqsədi ABŞ-da kriptovalyutaların hüquqi statusunu daha aydın müəyyən etməkdir. Layihəyə əsasən:

  • Yeni token emissiyalarına və ilkin satışlara nəzarət əsasən SEC-in səlahiyyətində olacaq;
  • İkinci bazarda rəqəmsal aktivlərin ticarətinə isə əsas nəzarəti CFTC həyata keçirəcək;
  • Bitcoin və Ethereum kimi bəzi iri rəqəmsal aktivlərin qiymətli kağız deyil, “rəqəmsal əmtəə” kimi tanınması nəzərdə tutulur.

Qanun layihəsində həmçinin stabilkoinlər, DeFi platformaları və kripto xidmət təminatçıları ilə bağlı yeni tənzimləmə mexanizmləri də yer alıb. Layihə proqram təminatı hazırlayan və istifadəçi vəsaitlərinə nəzarət etməyən blokçeyn inkişaf etdiricilərinə müəyyən hüquqi müdafiələr təqdim edir.

“CLARITY Act” qəbul edilməsi, ABŞ tarixində kriptovalyuta bazarı üçün ilk genişmiqyaslı federal hüquqi çərçivə formalaşdiracaq. Bu isə həm institusional investorların bazara marağını artıra, həm də ABŞ-ın qlobal kripto mərkəzi kimi mövqeyini gücləndirə bilər.

Müəllif: Elnur Quliyev

Bir cavab yazın