Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında tələbə və müəllimlər üçün “Maliyyə texnologiyaları: Rəqəmsal investisiyalar” mövzusunda ustad dərsi təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin maliyyə savadlılığının artırılması, rəqəmsal iqtisadiyyatın yeni imkanları barədə məlumatlandırılması və innovativ maliyyə alətlərinə dair praktiki biliklərinin genişləndirilməsi olub. Tədbiri giriş sözü ilə açan filialın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov maliyyə texnologiyalarının qlobal iqtisadiyyatda artan rolundan bəhs edib. O, bildirib ki, rəqəmsal transformasiya dövründə maliyyə innovasiyalarının və investisiya alətlərinin öyrənilməsi tələbələrin əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələri baxımından xüsusi əhəmiyyət kəsb edir. Ustad dərsinin təlimçisi, fintex və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev iştirakçılara maliyyə texnologiyalarının inkişaf mərhələləri, FinTech ekosisteminin əsas istiqamətləri, rəqəmsal investisiya alətləri və blokçeyn texnologiyasının maliyyə sektorunda yaratdığı yeniliklər barədə ətraflı məlumat verib.
Ustad dərsi çərçivəsində maliyyə texnologiyalarının müasir iqtisadiyyatda rolu, FinTech ekosisteminin əsas istiqamətləri, kriptovalyutaların yaranması və fəaliyyət mexanizmləri, rəqəmsal investisiya alətləri və kriptoaktivlər bazarının xüsusiyyətləri barədə ətraflı təqdimat keçirilib. Təlimçi tərəfindən rəqəmsal aktivlərə investisiya strategiyaları, gəlir əldə etmə imkanları, bu sahədə mövcud risklər və risklərin idarə olunması yanaşmaları izah edilib. Eyni zamanda blokçeyn, süni intellekt və digər innovativ maliyyə texnologiyalarının inkişaf perspektivləri və onların maliyyə sektoruna təsiri ilə bağlı müzakirələr aparılıb.
Maliyyə ixtisası üzrə təhsil alan tələbələrin və universitet əməkdaşlarının iştirak etdiyi ustad dərsi interaktiv formatda davam edib. İştirakçılar mövzu ilə bağlı çoxsaylı suallar ünvanlandıraraq rəqəmsal investisiyalar, kriptoaktivlər bazarı və müasir maliyyə texnologiyalarının tətbiqi sahələri ətrafında müzakirələrdə fəal iştirak ediblər.







UNEC Zaqatala filialı Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış və 15 sentyabr 2016-cı ildən fəaliyyətə başlamışdır. Filialın əsas məqsədi regionların sosial-iqtisadi inkişafı üçün yüksəkixtisaslı kadrlar hazırlamaq və bölgə gənclərinin keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirməkdir. Hazırda filialda 1683 tələbə təhsil alır. Tədris 9 ixtisas (İqtisadiyyat, Maliyyə, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Mühasibat, Turizm işinin təşkili, İnformasiya texnologiyaları, Dövlət və bələdiyyə idarəetməsi) üzrə aparılır. Tədris prosesi Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar və UNEC-in tədris planları əsasında həyata keçirilir. Təhsil əyani və qiyabi formalarda təşkil olunur.

