140-dan çox maliyyə və kriptovalyuta şirkəti Open USD (OUSD) adlı yeni ABŞ dollarına bağlı steyblkoin layihəsini təqdim edib. Layihənin tərəfdaşları arasında Coinbase, Ripple, Visa, Mastercard, Stripe, BlackRock, BNY Mellon, Standard Chartered, OKX, Crypto.com və digər böyük şirkətlər yer alır. Yeni steyblkoini idarə etmək üçün “Open Standard” adlı müstəqil təşkilat yaradılıb. Layihənin əsas məqsədi beynəlxalq ödənişləri daha ucuz, daha sürətli və daha şəffaf etməkdir. Ənənəvi steyblkoin modellərindən fərqli olaraq:
- OUSD-un emissiyası (mint) və geri qaytarılması (redeem) üçün komissiya tutulmayacaq.
- Emissiya və geri qaytarma həcminə məhdudiyyət qoyulmayacaq.
- Steyblkoin ehtiyatlarından əldə olunan faiz gəlirlərinin böyük hissəsi tək bir emitentə deyil, layihənin tərəfdaşlarına paylanacaq.
- Layihə bir şirkət tərəfindən deyil, tərəfdaşlardan ibarət idarəetmə şurası tərəfindən idarə olunacaq.
Tərəfdaş kriptovalyuta şirkətləri arasında Solana, Crypto.com, Fireblocks, Gemini, Aave, Tempo, eToro, Galaxy, Ledger, Trust Wallet, Morpho, EtherFi, Privy, Bitget Wallet, Stellar, Polygon, Aptos və Plasma da yer alır. USDT hələ də dövriyyədə olan ən böyük stabilkoindir. Lakin Open USD fərqli strategiya seçir. USDT əsasən kripto bazarında istifadə olunur. Open USD isə korporativ ödənişlər, beynəlxalq hesablaşmalar və e-ticarət kimi istiqamətlərə fokuslanır.

Open Standard-ın baş direktoru Zach Abrams bildirib ki, məqsəd internet iqtisadiyyatı üçün genişmiqyaslı istifadə oluna biləcək açıq və müəssisələrə yönəlmiş rəqəmsal dollar yaratmaqdır. Open USD bazarda hazırda dominant mövqedə olan USDT (Tether) və USDC (Circle) üçün ciddi rəqib olacaq. Çünki OUSD ilə bağlı xəbərin fonunda bazar kapitallaşmasına görə ikinci ən böyük dollar steyblkoininin emitenti olan Circle şirkətinin səhmləri 13%-dən çox ucuzlaşıb. Yeni model xüsusilə böyük maliyyə institutları və korporativ istifadəçilər üçün cəlbedici hesab edilir, çünki onlar ehtiyat aktivlərindən əldə olunan gəlirlərdə iştirak edə biləcəklər.
Stabilkoin bazarı artıq yalnız kripto şirkətlərinin sahəsi olmaqdan çıxır. Visa, Mastercard, Google və BlackRock kimi ənənəvi maliyyə və texnologiya nəhənglərinin eyni layihədə iştirak etməsi göstərir ki, stabilkoinlər gələcək ödəniş infrastrukturunun əsas elementlərindən biri kimi qəbul edilir. Eyni zamanda, ehtiyat aktivlərindən əldə olunan gəlirin konsorsium üzvləri ilə paylaşılması modeli banklar, ödəniş şirkətləri və fintech-lər üçün iqtisadi stimul yaradır. Bu, Open USD-nin sadəcə rəqəmsal dollar deyil, həm də biznes tərəfdaşlığı platforması kimi qurulduğunu göstərir. Bu isə yaxın illərdə rəqəmsal ödəniş bazarında güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər.
Müəllif: Elnur Quliyev
