Azərbaycanda kriptovalyuta sektorunun inkişafına mane olan 5 faktor

Son illərdə kriptovalyutalar və blockchain texnologiyaları qlobal maliyyə sisteminin ən dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilmişdir. Əvvəllər əsasən alternativ investisiya aləti kimi qəbul edilən rəqəmsal aktivlər artıq maliyyə xidmətləri, kapital bazarları, beynəlxalq ödəniş sistemləri və aktivlərin tokenizasiyası kimi sahələrdə yeni iqtisadi model formalaşdırır. Bu transformasiya nəticəsində rəqəmsal aktivlər iqtisadiyyatın rəqəmsallaşmasını sürətləndirən, maliyyə inklüzivliyini artıran və innovativ sahibkarlığı təşviq edən strateji alətlərdən biri hesab olunur. ABŞ, Avropa İttifaqı, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Honq-Konq və İsveçrə kimi ölkələr rəqəmsal aktivlər bazarını yalnız tənzimləmə obyekti kimi deyil, həm də iqtisadi artım, innovasiya və beynəlxalq investisiyaların cəlbi baxımından strateji sektor kimi qiymətləndirirlər. Xüsusilə Avropa İttifaqının Markets in Crypto-Assets Regulation (MiCA) çərçivəsi, BƏƏ-də Virtual Assets Regulatory Authority (VARA) modeli və Sinqapurun Monetary Authority of Singapore (MAS) tərəfindən tətbiq edilən risk əsaslı tənzimləmə yanaşması göstərir ki, hüquqi müəyyənlik və institusional infrastruktur bazarın inkişafı üçün əsas şərtlərdəndir.

        Azərbaycanda son illərdə rəqəmsal transformasiya, elektron hökumət, nağdsız ödənişlər və maliyyə texnologiyalarının inkişafı istiqamətində mühüm irəliləyiş əldə olunmuşdur. Bununla yanaşı, blockchain texnologiyalarına və kriptovalyutalara marağın artmasına baxmayaraq, ölkədə rəqəmsal aktivlər bazarı hələ də inkişafının ilkin mərhələsindədir. Mövcud potensialın tam reallaşdırılmasına mane olan əsas səbəblər hüquqi, institusional, maliyyə, texnoloji və sosial amillərlə bağlıdır.

Azərbaycanda kriptovalyuta sektorunun inkişafına mane olan 5 strateji faktor:

1. Hüquqi qeyri-müəyyənlik

    Kriptovalyuta sektorunun dayanıqlı inkişafını müəyyən edən əsas amillərdən biri hüquqi və institusional mühitin formalaşmasıdır. İnvestorlar və biznes subyektləri üçün bazarın cəlbediciliyi yalnız iqtisadi potensialla deyil, eyni zamanda hüquqi müəyyənlik, şəffaflıq və tənzimləmə mexanizmlərinin sabitliyi ilə qiymətləndirilir. Bu baxımdan hüquqi çərçivənin yetkinliyi rəqəmsal aktivlər bazarının inkişafının fundamental şərtlərindən biri hesab edilir. Hazırda Azərbaycanda kriptoaktivlərin hüquqi statusu, onların maliyyə aləti kimi təsnifatı, rəqəmsal aktiv xidməti təminatçılarının (Virtual Asset Service Providers – VASP) fəaliyyəti, lisenziyalaşdırma mexanizmləri, kastodian (custody) xidmətləri, broker fəaliyyəti, investorların hüquqlarının müdafiəsi, habelə vergitutma və mühasibat uçotu məsələləri üzrə vahid hüquqi çərçivə tam formalaşmayıb. Bu qeyri-müəyyənlik həm yerli, həm də xarici investorların qərarvermə prosesinə mənfi təsir göstərir.

      Beynəlxalq təcrübə göstərir ki, hüquqi müəyyənlik investisiya mühitinin əsas elementlərindən biridir. Avropa İttifaqında qəbul edilmiş MiCA tənzimləməsi kriptoaktivlərin emissiyası, xidmət təminatçılarının lisenziyalaşdırılması, istehlakçı hüquqlarının qorunması və bazar nəzarəti üçün vahid hüquqi mexanizm yaratmışdır. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən VARA isə virtual aktiv bazarının inkişafını dəstəkləməklə yanaşı, investorların müdafiəsi və bazarın şəffaflığını təmin edən xüsusi tənzimləmə modeli formalaşdırmışdır.

2. Bank və maliyyə sisteminin rəqəmsal aktivlərlə inteqrasiyasındakı maneələr

     Kriptovalyuta bazarının inkişafı yalnız hüquqi tənzimləmədən deyil, həm də bank və maliyyə sisteminin rəqəmsal aktivlər bazarı ilə inteqrasiya səviyyəsindən asılıdır. İnkişaf etmiş ölkələrdə banklar, ödəniş sistemləri və rəqəmsal aktiv xidməti təminatçıları vahid maliyyə ekosistemi çərçivəsində fəaliyyət göstərərək bazarın dayanıqlı inkişafına töhfə verirlər. Azərbaycanda isə bu inteqrasiya hələ məhdud səviyyədədir. Bunun əsas səbəbi bank sektorunun innovasiyalara maraqsız olması deyil, hüquqi qeyri-müəyyənlik, AML/CFT tələbləri, FATF standartlarına uyğunluq və risklərin idarə edilməsi ilə bağlı ehtiyatlı yanaşmadır. Nəticədə kriptovalyuta platformaları ilə bağlı bəzi əməliyyatlar əlavə yoxlamalara məruz qalır ki, bu da həm investorların, həm də biznes subyektlərinin fəaliyyət imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, ölkədə lisenziyalı kriptovalyuta birjasının, institusional kastodian xidmətlərinin və digər peşəkar bazar iştirakçılarının olmaması rəqəmsal aktivlər ekosisteminin inkişafını ləngidir. Bu səbəbdən yerli investorlar əsasən xarici platformalara üz tuturlar ki, bu da kapitalın ölkə xaricinə yönəlməsinə şərait yaradır.

       Beynəlxalq təcrübə göstərir ki, hüquqi müəyyənlik və effektiv tənzimləmə banklarla rəqəmsal aktivlər bazarı arasında inteqrasiyanı əhəmiyyətli dərəcədə gücləndirir. Məsələn, BƏƏ-də VARA tərəfindən lisenziyalaşdırılmış şirkətlər bank sistemi ilə daha rahat əməkdaşlıq edir. Sinqapurda DBS Bank, İsveçrədə isə Sygnum Bank və SEBA Bank rəqəmsal aktiv xidmətlərinin ənənəvi maliyyə sistemi ilə inteqrasiyasının uğurlu nümunələri hesab olunur. Azərbaycan üçün əsas prioritet bank sektoru ilə rəqəmsal aktivlər bazarı arasında təhlükəsiz və mərhələli inteqrasiyanın təmin edilməsi, beynəlxalq standartlara uyğun institusional mühitin formalaşdırılması və innovativ maliyyə xidmətlərinin inkişafının təşviq edilməsidir.

3. İnnovasiya və investisiya ekosisteminin məhdudluğu

    Qlobal təcrübə göstərir ki, kriptovalyuta bazarının inkişafı yalnız alqı-satqı əməliyyatları ilə məhdudlaşmır. Bu sektor eyni zamanda innovasiya, sahibkarlıq və yüksək texnologiyalar ekosistemidir. Azərbaycanda blockchain əsaslı startapların sayı məhduddur. Tokenizasiya, Web3, DeFi, RWA (Real World Assets), GameFi və digər innovativ istiqamətlər üzrə yerli layihələr kifayət qədər inkişaf etməyib. Bunun əsas səbəblərindən biri risk kapitalı bazarının zəif inkişaf etməsidir. Venture Capital fondlarının, mələk investorların və akselerasiya proqramlarının məhdud olması innovativ ideyaların kommersiyalaşdırılmasını çətinləşdirir. Nəticədə perspektivli layihələrin əhəmiyyətli hissəsi fəaliyyətini xarici ölkələrdə davam etdirməyə üstünlük verir.

4. İnsan kapitalı və maliyyə savadlılığı

      Kripto iqtisadiyyatının inkişafı üçün hüquqi bazadan və maliyyə infrastrukturundan əlavə, ixtisaslı insan resursları da vacibdir. Azərbaycanda blockchain proqramçıları, smart contract auditorları, rəqəmsal aktivlər üzrə hüquqşünaslar, tokenomics analitikləri və kripto risk menecerləri kimi ixtisaslaşmış mütəxəssislərin sayı məhduddur. Eyni zamanda, əhalinin əhəmiyyətli hissəsinin maliyyə və rəqəmsal aktivlər üzrə bilik səviyyəsi hələ də aşağıdır. Bir çox investor bazarın risklərini düzgün qiymətləndirə bilmir, fundamental analiz aparmadan qərarlar qəbul edir və dezinformasiyanın təsiri altına düşür. Universitetlərdə blockchain, rəqəmsal aktivlərin qiymətləndirilməsi və maliyyə texnologiyaları üzrə elmi tədqiqatların və akademik proqramların genişləndirilməsi bu problemin həllində mühüm rol oynaya bilər.

5. İctimai etimadın zəifliyi və fırıldaqçılıq riskləri

       Maliyyə bazarlarının dayanıqlı inkişafının əsas şərtlərindən biri ictimai etimaddır. Kriptovalyuta sektorunda isə bu etimadın formalaşmasına mane olan əsas amillərdən biri müxtəlif fırıldaqçılıq hallarıdır. Son illərdə ponzi sxemləri, piramida layihələri, saxta token emissiyaları, phishing hücumları və sosial şəbəkələr vasitəsilə həyata keçirilən müxtəlif dələduzluq mexanizmləri cəmiyyət arasında kriptovalyutalar haqqında mənfi rəy formalaşdırmışdır. Nəticədə bir çox insanlar blockchain texnologiyası ilə dələduzluq fəaliyyətlərini eyniləşdirir. Halbuki problemin mənbəyi texnologiyanın özü deyil, onun qeyri-qanuni məqsədlərlə istifadə edilməsidir. İctimai etimadın artırılması üçün dövlət qurumları, maliyyə institutları, universitetlər və özəl sektor arasında koordinasiyalı maarifləndirmə proqramlarının həyata keçirilməsi, istehlakçı hüquqlarının qorunması və fırıldaqçılıq hallarına qarşı effektiv nəzarət mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd etdyim beş istiqaməti səbəb-nəticə əlaqəsi baxımından aşağıdakı kimi təqdim etmək olar:

      Dünya təcrübəsi göstərir ki, rəqəmsal aktivlər bazarının inkişafı qadağalarla deyil, şəffaf tənzimləmə, effektiv nəzarət və innovasiyaları dəstəkləyən biznes mühiti ilə təmin olunur. Hesab edir’m ki, ölkəmizdə bu yanaşmanı tətbiq etməklə həm yerli innovasiyaların inkişafını sürətləndirə, həm də regionun rəqəmsal aktivlər və blockchain texnologiyaları üzrə aparıcı mərkəzlərindən birinə çevrilə bilər. Kriptovalyutalar və rəqəmsal aktivlər artıq gələcəyin texnologiyası deyil, qlobal iqtisadiyyatın formalaşmaqda olan yeni reallığıdır. Azərbaycanın qarşısında duran əsas vəzifə bu transformasiyadan kənarda qalmaq deyil, beynəlxalq standartlara uyğun hüquqi və institusional mühit formalaşdıraraq onu iqtisadi inkişaf və innovasiya üçün strateji üstünlüyə çevirməkdir.

Müəllif: Elnur Quliyev

Leave a Reply