İslami indeks nədir?

    Qlobal kapital bazarlarında investisiya qərarları artıq yalnız gəlirlilik və risk göstəriciləri ilə məhdudlaşmır. Son illərdə etik investisiya (ethical investing), sosial məsuliyyətli investisiya (SRI) yanaşmalarla yanaşı, İslam maliyyəsi prinsiplərinə uyğun investisiyada sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrilib. Bu sistemin əsas alətlərindən biri isə İslami fond bazarı indeksləri (islamic stock indices) hesab olunur. Bu indekslər investorlara minlərlə şirkət arasından şəriət prinsiplərinə uyğun fəaliyyət göstərən müəssisələri seçmək imkanı verir. Nəticədə investor hər bir şirkəti ayrıca araşdırmadan, əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında formalaşdırılmış investisiya portfelinə çıxış əldə edir.

İslami indeks anlayışı

      İslami indeks – fəaliyyəti və maliyyə göstəriciləri İslam maliyyəsi prinsiplərinə uyğun olan şirkətlərin səhmlərindən formalaşdırılan fond bazarı indeksidir. Başqa sözlə, bu indekslər ənənəvi indekslərin (S&P 500, MSCI World, FTSE Global və s.) şəriət filtrlərindən keçirilmiş versiyası hesab olunur. İslami indekslərin əsas məqsədi investorlara:

  • şəriətə uyğun investisiya imkanı yaratmaq;
  • etik biznes fəaliyyətini təşviq etmək;
  • faiz əsaslı maliyyələşmədən uzaq duran şirkətləri müəyyənləşdirmək;
  • uzunmüddətli və şəffaf investisiya mühiti formalaşdırmaqdır.

    İslami indeks investisiya fondu deyil və özü ayrıca maliyyə aləti hesab olunmur. O, yalnız şəriət meyarlarına uyğun seçilmiş şirkətlərin siyahısını və həmin şirkətlərin bazar göstəricilərini izləyən benchmark rolunu oynayır. İnvestor birbaşa indeksə deyil, həmin indeksi izləyən ETF-lərə və ya investisiya fondlarına sərmayə qoyur.

İslami indekslərə şirkətlər necə daxil edilir?

    İslami indekslərin uyğunluğu müstəqil Şəriət müşahidə şuraları tərəfindən qiymətləndirilir. Bu şuralarda İslam hüququ və maliyyə üzrə ixtisaslaşmış alimlər iştirak edir və metodologiyanın şəriət prinsiplərinə uyğunluğunu mütəmadi olaraq nəzərdən keçirirlər. İslami indekslərdə seçim iki əsas mərhələdə aparılır.

1. Fəaliyyət sahəsinin qiymətləndirilməsi (Business Screening)

     İlk növbədə şirkətin əsas fəaliyyət istiqaməti analiz olunur. Aşağıdakı sahələrdə fəaliyyət göstərən şirkətlər indeksdən kənarda qalır:

  • faiz əsaslı bankçılıq;
  • qumar və mərc oyunları;
  • alkoqol istehsalı və satışı;
  • donuz əti və məhsulları;
  • tütün sənayesi;
  • pornoqrafiya;
  • digər şəriətə uyğun hesab edilməyən fəaliyyətlər.

Məsələn, texnologiya, səhiyyə, sənaye və istehsal sektorunda fəaliyyət göstərən şirkətlər ilkin mərhələni adətən uğurla keçir.

2. Maliyyə göstəricilərinin qiymətləndirilməsi (Financial Screening)

   Şirkətin fəaliyyəti uyğun hesab olunsa belə, onun maliyyə strukturu da ayrıca yoxlanılır. Əsas qiymətləndirilən göstəricilər bunlardır:

  • faizli borcların səviyyəsi;
  • faiz gəlirlərinin payı;
  • likvid aktivlərin strukturu;
  • maliyyə sabitliyi.

       Bir çox metodologiyada faizli borcun bazar dəyərinə və ya aktivlərə nisbəti üçün təxminən 33% həddi istifadə olunur. Lakin bu göstəricilər bütün indekslər üçün tam eyni deyil və metodologiyadan asılı olaraq dəyişə bilər. İslami indekslərin tərkibi şirkətlərin maliyyə vəziyyəti və fəaliyyət istiqamətində baş verən dəyişikliklər nəzərə alınaraq müəyyən dövrlərdə (adətən rüblük və ya yarımillik) yenilənir.

Dünyada ən geniş istifadə olunan İslami indekslər:

  • Dow Jones Islamic Market Index (DJIM)
  • FTSE Shariah Index Series
  • MSCI Islamic Indexes
  • S&P Shariah Indices

     Bu indekslər milyonlarla investor və yüzlərlə ETF tərəfindən istinad göstəricisi (benchmark) kimi istifadə olunur. Aşağıdakı cədvəldə dünyada ən geniş istifadə olunan 5 əsas İslami fond bazarı indeksi müqayisə edilmişdir.

         Bu indekslərin hamısı eyni prinsiplərə – şəriətə uyğun olmayan fəaliyyət sahələrinin və yüksək faizli maliyyə strukturuna malik şirkətlərin çıxarılmasına – əsaslansa da, şəriət meyarlarının tətbiqi, maliyyə filtrinin hədləri və istifadə olunan metodologiya provayderdən asılı olaraq müəyyən qədər fərqlənir. Buna görə eyni şirkət bir indeksdə yer aldığı halda, digər indeksdə yer almaya bilər.

İslami indekslərin əsas hüquqi və metodoloji bazası

İslami indekslərin formalaşdırılması beynəlxalq səviyyədə qəbul edilmiş şəriət və maliyyə standartlarına uyğun həyata keçirilir. Bu sahədə ən nüfuzlu qurumlardan biri AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) – İslam Maliyyə Təşkilatları üçün Mühasibat və Audit Təşkilatıhesab olunur. AAOIFI 1991-ci ildə Bəhreyndə yaradılıb və hazırda İslam maliyyəsi sahəsində fəaliyyət göstərən banklar, investisiya fondları, tənzimləyici qurumlar və maliyyə institutları üçün beynəlxalq standartlar hazırlayır. Bu standartlar aşağıdakı istiqamətlərdə vahid yanaşmanın formalaşdırılmasına xidmət edir:

  • şəriət prinsiplərinə uyğun maliyyə məhsullarının hazırlanması;
  • investisiya fondlarının fəaliyyətinin tənzimlənməsi;
  • korporativ idarəetmənin gücləndirilməsi;
  • mühasibat uçotu və audit qaydalarının standartlaşdırılması;
  • maliyyə hesabatlarının şəffaflığının artırılması.

    Maraqlı məqamlardan biri odur ki, AAOIFI bütün indekslər üçün məcburi hüquqi norma deyil. Hər indeks provayderinin öz Şəriət Müşahidə Şurası (Sharia Supervisory Board) fəaliyyət göstərir və həmin şura tətbiq ediləcək metodologiyanı müəyyən edir.

İslami indekslərə necə investisiya edilir?

       İnvestorların əksəriyyəti birbaşa indeksə deyil, həmin indeksləri izləyən ETF vasitəsilə investisiya edir. Tutaq ki, investor ABŞ texnologiya sektoruna investisiya etmək istəyir, lakin sərmayəsinin İslam maliyyəsi prinsiplərinə uyğun olmasını da vacib hesab edir. O, ayrı-ayrılıqda yüzlərlə şirkəti araşdırmaq əvəzinə, MSCI Islamic və ya DJIM kimi İslami indeksləri izləyən ETF-lərdən birini seçə bilər. Bu halda fond yalnız şəriət meyarlarından keçmiş şirkətlərin səhmlərinə investisiya etdiyi üçün investor həm geniş diversifikasiya əldə edir, həm də seçim prosesini peşəkar metodologiyaya həvalə etmiş olur.

Təsəvvür edin ki, bazarda 1500 şirkət var.

  1. Şəriətə uyğun olmayan fəaliyyət sahələri (banklar, qumar, alkoqol və s.) çıxarılır.
  2. Qalan şirkətlərin maliyyə vəziyyəti analiz edilir.
  3. Şərtlərə cavab verənlər İslami indeksə daxil edilir.
  4. İnvestor artıq həmin indeksi izləyən fonda investisiya etməklə yüzlərlə uyğun şirkətə eyni anda sərmayə qoymuş olur.

    Yəni İslami indeks “halal şirkətlərin süzülmüş siyahısı” kimi fəaliyyət göstərir. Bu siyahı müxtəlif provayderlərin metodologiyasına görə müəyyən qədər fərqlənə bilər.

      Hesab edirəm ki, islami indekslər sadəcə dini meyarlar əsasında yaradılmış investisiya aləti deyil. Onlar həm də şirkətlərin fəaliyyətini etik və maliyyə intizamı baxımından qiymətləndirən beynəlxalq seçim mexanizmidir. Müasir dövrdə İslam maliyyəsi trilyonlarla dollar həcmində aktivləri idarə edən qlobal sənayeyə çevrilib. Bu bazarın inkişafı ilə paralel olaraq İslami indekslər də investorlar üçün etibarlı istiqamətverici rolunu oynayır. Onlar yalnız müsəlman investorlar üçün deyil, həm də etik və məsuliyyətli investisiyaya üstünlük verən bütün investorlar üçün alternativ seçim hesab edilir.

       Nəticə olaraq, İslami indekslər yalnız dini prinsiplərə əsaslanan seçim mexanizmi deyil, həm də etik investisiya və maliyyə intizamını ön plana çıxaran qlobal benchmark sistemidir. Bu səbəbdən onlar həm müsəlman, həm də məsuliyyətli investisiyaya üstünlük verən investorlar üçün etibarlı istinad nöqtəsi hesab olunur.

İstifadə olunan əsas mənbələr:

  • Dow Jones Islamic Market Index Methodology
  • MSCI Islamic Indexes Methodology
  • FTSE Russell Shariah Index Series Ground Rules
  • S&P DJI Shariah Indices Methodology
  • AAOIFI Sharia Standards

Müəllif: Elnur Quliyev

Leave a Reply