Avtomobil təhlükəsizlik kəmərinin maraqlı tarixçəsi

Avtomobilin ən vacib təhlükəsizlik sistemlərindən biri hesab etdiyimiz kəmər bir vaxtlar avtomobildə ümumiyyətlə yox idi. Daha maraqlısı: onun müasir formasını yaradan mühəndis əvvəllər avtomobillərlə deyil, pilotların təhlükəsizliyi ilə məşğul idi. Bəs təhlükəsizlik kəməri necə yarandı və nə üçün bu sadə konstruksiya avtomobil tarixinin ən mühüm ixtiralarından birinə çevrildi?

     Bu gün avtomobilə əyləşəndə təhlükəsizlik kəmərini taxmaq o qədər adi görünür ki, onun nə vaxtsa avtomobillərdə ümumiyyətlə olmadığını təsəvvür etmək çətindir. Halbuki avtomobilin ilk dövrlərində sürücünün və sərnişinin qorunması əsas prioritetlərdən deyildi. Təhlükəsizlik kəmərinin avtomobillərdə istifadəsi isə 1959-cu ildən əvvəl başlamışdı. 1949-cu ildə ABŞ-ın Nash şirkəti təhlükəsizlik kəmərini avtomobillərində zavoddan opsional avadanlıq kimi təqdim edən ilk istehsalçılardan biri oldu. Lakin həmin dövrün kəmərləri bugünkü sistemdən fərqlənirdi və əsasən yalnız çanaq nahiyəsini saxlayan iki nöqtəli konstruksiyadan ibarət idi. Müasir təhlükəsizlik kəmərinin tarixində isə əsas dönüş 1950-ci illərin sonunda baş verdi.

       1959-cu ildə isveçli mühəndis Nils Bohlin avtomobil təhlükəsizliyini kökündən dəyişən üç nöqtəli təhlükəsizlik kəmərini hazırladı. Maraqlıdır ki, Bohlin Volvo-ya gəlməzdən əvvəl aviasiya sənayesində çalışmış və pilotların təhlükəsizlik sistemləri, o cümlədən katapult oturacaqları üzərində işləyirdi. Onun avtomobil üçün hazırladığı sistem isə həm bədənin yuxarı, həm də aşağı hissəsini sabit saxlamaq üçün sinə və çanaq nahiyəsini qoruyan V-formalı quruluşa malik idi. 1959-cu ildə sistem Volvo Amazon (120) və Volvo PV 544 modellərində standart avadanlıq kimi tətbiq edildi. Konkret olaraq, 1959-cu il 13 avqustda Volvo PV544 üç nöqtəli kəmərlə təchiz edilmiş ilk avtomobil kimi dilerə təhvil verilib. Bu tarixçənin ən maraqlı hissəsi kəmərin özündən daha çox patenti ilə bağlıdır. Volvo yeni texnologiyanı yalnız öz avtomobillərində istifadə etmək üçün qapalı saxlamadı. Şirkət patentdən digər avtomobil istehsalçılarının da istifadə etməsinə imkan verdi. Məqsəd kommersiya üstünlüyü əldə etməkdən çox, təhlükəsizlik texnologiyasının mümkün qədər geniş yayılması idi. Volvo-nun məlumatına görə, üç nöqtəli kəmərin dünyada ən azı bir milyon insanın həyatını xilas etdiyi hesab edilir.

      Sonrakı onilliklərdə təhlükəsizlik kəməri sadə parça lentdən avtomobilin mürəkkəb təhlükəsizlik sisteminin bir hissəsinə çevrildi. Kəmərin avtomatik yığılması üçün inertsiya makaraları (kəmərin qəfil açılmasının qarşısını alaraq onu kilidləyən), pretensioner (qəza zamanı kəməri bədənə dərhal sıxan) və load limiter (kəmərin döş qəfəsinə tətbiq etdiyi qüvvəni məhdudlaşdırır) sistemləri yaradıldı. Müasir avtomobillərdə təhlükəsizlik kəməri artıq hava yastığı, qəza sensorları və digər aktiv-passiv təhlükəsizlik sistemləri ilə birlikdə işləyir.

Təhlükəsizlik kəməri nə qədər effektivdir?

   ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, ön oturacaqda təhlükəsizlik kəmərindən istifadə minik avtomobilində ölümcül xəsarət riskini təxminən 45%, orta və kritik xəsarət riskini isə 50% azalda bilər. 2024-cü ildə ABŞ-da qəza nəticəsində ölən minik avtomobili sərnişinlərinin 48%-i təhlükəsizlik kəmərindən istifadə etməmişdi. Bu rəqəm texnologiyanın nə qədər inkişaf etməsinə baxmayaraq, ən sadə təhlükəsizlik qaydasının hələ də həyati əhəmiyyət daşıdığını göstərir.

Müasir avtomobillərdə hava yastığı varsa, kəmərə ehtiyac varmı?

Bəli. Hətta hava yastığı olan avtomobildə təhlükəsizlik kəməri daha da vacibdir. Çünki hava yastığı kəmərin alternativi deyil, onu tamamlayan əlavə qoruma sistemidir. Kəmər qəza zamanı insanın bədənini düzgün mövqedə saxlayır və onun avtomobilin salonuna və ya avtomobildən kənara atılmasının qarşısını alır. Hava yastığı isə toqquşma zamanı baş və döş qəfəsinin sükan, panel və digər sərt hissələrə dəyməsinin qarşısını almağa kömək edir. Hava yastığı ilk dəfə 1980-ci ilin sonunda Mercedes-Benz S-Class-da təqdim edilmişdi. 1990-cı illərin sonlarından isə bütün minik avtomobillərində standart avadanlığa çevrildi. Beləliklə, avtomobil təhlükəsizliyində maraqlı bir tandem yarandı: kəmər insanı yerində saxlayır, hava yastığı isə zərbənin nəticələrini azaltmağa çalışır. NHTSA-nın məlumatına görə, ön hava yastıqları 30 il ərzində 50 mindən çox insanın həyatının xilas edilməsinə kömək edib. Lakin agentlik açıq şəkildə bildirir ki, hava yastığının ən effektiv istifadəsi təhlükəsizlik kəməri ilə birlikdədir.

Avtomobil sənayesində bəzən ən böyük dəyişiklik ən mürəkkəb texnologiyadan gəlmir. 1959-cu ildə hazırlanmış, sadə görünən V-formalı kəmərin əsas prinsipi bu gün də dəyişməyib. Sadəcə onun ətrafına sensorlar, elektron sistemlər və yeni nəsil təhlükəsizlik texnologiyaları əlavə olunub. Bir vaxtlar avtomobildə adi bir aksesuar kimi qəbul edilən təhlükəsizlik kəməri isə bu gün avtomobilin ən vacib qoruyucu sistemlərindən biridir.

Müəllif: Elnur Quliyev

Leave a Reply