Bitcoin 72.000 dollar:  Rallinin 4 əsas səbəbi

Bitcoin-in 20 avqustda təxminən $64 min səviyyəsindən $72 minə yüksəlməsi ilk baxışda kəskin və gözlənilməz sıçrayış təsiri bağışlasa da, bu hərəkəti yalnız bir xəbərlə izah etmək düzgün olmaz. Əslində, bazarda bir neçə fərqli faktor eyni istiqamətdə hərəkət edib və bir-birinin təsirini gücləndirib. Eyni dövrdə Ethereum da təxminən $1,900-dan $2,320-a yüksələrək 21%-dən çox bahalaşıb ki, bu da rallinin yalnız bitcoin-lə məhdudlaşmadığını və kriptobazar üzrə geniş xarakter daşıdığını göstərir. Burada əsas məqam ondan ibarətdir ki, makroiqtisadi fon qiymət artımı üçün şərait yaradıb, institusional tələb və siyasi siqnallar bu fonu gücləndirib, leverage bazarındakı short mövqelərin likvidasiyası isə yüksəlişi sürətləndirib. Məncə, $64–72 min hərəkətini izah edən əsas mexanizm məhz bu dörd katalizatorun kombinasiyasıdır.

1. ABŞ Xəzinədarlığının istiqraz geri-alışlarını artırması – əsas makro katalizator

19 avqustda ABŞ Xəzinədarlığı uzunmüddətli istiqrazlar üzrə likvidlik dəstəyi məqsədilə geri-alış əməliyyatlarının maksimum həcmini $2 milyarddan ən azı $4 milyarda yüksəldəcəyini açıqladı. Yeni limit 10–30 illik istiqraz seqmentinə yönələcək. Bu addım kəmiyyət yumşalması (QE) deyil, lakin istiqraz bazarında likvidliyin yaxşılaşdırılması və uzunmüddətli gəlirlilik təzyiqinin azaldılması baxımından mühüm siqnaldır. Elan sonrasında 10 və 30 illik ABŞ istiqrazlarının gəlirlilikləri aşağı düşüb, dollar da zəifləyib. Bu isə Bitcoin üçün əlverişli makro mühit formalaşdırdı: daha aşağı istiqraz gəlirliliyi + zəif dollar + artan risk iştahı = riskli aktivlərə, o cümlədən bitcoin-ə əlavə tələb.

2. Trumpın kripto sənayesi ilə görüşü və CLARITY Act mesajı

19 avqustda Donald Trump Ağ Evdə Coinbase, Robinhood, Kraken və digər kripto şirkətlərinin rəhbərləri, həmçinin ABŞ tənzimləyici qurumlarının nümayəndələri ilə görüşdü. Görüş zamanı Trump Konqresi kriptovalyuta bazarı üçün daha aydın hüquqi çərçivə yaratması nəzərdə tutulan CLARITY Act-in “ədalətli versiyasını” qəbul etməyə çağırdı. Burada söhbət qanunun artıq qəbul edilməsindən getmir. Əsas məsələ ABŞ administrasiyasının kripto sektoruna siyasi dəstəyinin davam etdiyini göstərən siqnaldır. Bazar bunu xüsusilə tənzimləmə qeyri-müəyyənliyinin azala biləcəyi və ABŞ-ın kripto sənayesində lider mövqeyini qorumaq istədiyi mesajı kimi qəbul etdi.

3. Short pozisiyaların kütləvi likvidasiyası – yüksəlişi sürətləndirən əsas mexanizm

Bitcoin $68 min müqavimət zonasını keçdikdən sonra bazarda böyük həcmdə toplanmış short mövqelər təzyiq altına düşdü. Qiymətin yüksəlməsi həmin mövqelərin məcburi bağlanmasına, yəni likvidasiyaya səbəb oldu. Short mövqenin bağlanması isə faktiki olaraq bazarda əlavə alış əməliyyatı yaratdığı üçün qiymət artımını daha da sürətləndirdi. Məlumatlara əsasən, son hərəkət zamanı kripto bazarında ümumi short likvidasiyaları təxminən $2.7 milyard səviyyəsinə çatıb. Bu səbəbdən mən $64-72 min hərəkətinin son mərhələsində short squeeze-i ən mühüm sürətləndirici faktor hesab edirəm. Başqa sözlə, short likvidasiyaları rallini başlamayıb — rallinin sürətini kəskin artırıb.

4. ABŞ spot Bitcoin ETF-lərinə kapital axınının güclənməsi

        Makro faktorlar və siyasi mesajlarla yanaşı, institusional tələb də güclənib. 19 avqustda ABŞ spot Bitcoin ETF-lərinə təxminən $517 milyon xalis kapital axını qeydə alınıb. Bu göstərici son aylardakı ən güclü gündəlik axınlardan biri kimi diqqət çəkib. Bu faktor xüsusilə əhəmiyyətlidir. Çünki Bitcoin-in yüksəlişinin yalnız futures bazarında leverage və short squeeze hesabına baş vermədiyini göstərir.

       Nəticə etibarilə, Bitcoin-in $64 mindən $72 minə yüksəlişini tək bir xəbər və ya tək bir investor qrupu ilə izah etmək düzgün deyil. Bu hərəkətin strukturunu belə ifadə etmək olar: ABŞ Treasury-nin istiqraz bazarına müdaxilə siqnalı → gəlirlilik və dollar təzyiqinin azalması → risk iştahının yüksəlməsi → Trump administrasiyasından müsbət kripto mesajları → spot Bitcoin ETF-lərinə kapital axını → $68 min səviyyəsinin qırılması → short mövqelərin kütləvi likvidasiyası → Bitcoin-in $72 min üzərinə sürətli hərəkəti.

      Burada ən vacib fərq budur: Treasury və ETF-lər qiymət artımının əsasını formalaşdıran faktorlar, Trumpın mesajı bazarın sentimentini gücləndirən katalizator, short squeeze isə hərəkəti sürətləndirən mexanizm olub. Buna görə də bu rallini sadəcə “xəbər rallisi” adlandırmaq düzgün olmaz. Daha doğru ifadə “makro dəstək, institusional tələb və leverage unwind-in birləşdirdiyi rally” olardı. Lakin növbəti mərhələdə əsas sual artıq Bitcoin-in $72 mini keçməsi deyil. Əsas sual $72 min üzərində qalıcı olub-olmayacağıdır. Çünki short squeeze-in təsiri bir dəfəlik ola bilər; rallinin davamlı olması üçün ETF axınlarının qorunması, dollar və Treasury gəlirliliklərinin istiqaməti və yeni spot tələb həlledici olacaq.

Müəllif: Elnur Quliyev

Leave a Reply