İsrailin ən iri bankı kripto ticarətinə “yaşıl işıq” verdi

İsrailin ən böyük bankı olan Bank Leumi müştərilərinə birbaşa bank tətbiqi üzərindən kriptovalyuta alqı-satqısı imkanı yaratmağa hazırlaşır. Bank Leumi ABŞ-ın rəqəmsal aktivlər şirkəti Galaxy Digital ilə əməkdaşlıq çərçivəsində yeni kriptovalyuta xidmətini istifadəyə verəcəyini açıqlayıb. Bu addım Leumi-ni İsraildə müştərilərinə rəqəmsal aktivlərin ticarətini təqdim edən ilk bank edəcək. Yeni xidmət Leumi və PEPPER müştərilərinə bankın Leumi Trade tətbiqi vasitəsilə bitcoin (BTC), ethereum (ETH) və solana (SOL) daxil olmaqla seçilmiş rəqəmsal aktivləri almaq, saxlamaq və satmaq imkanı verəcək. Xidmətin 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

Bank Leumi kriptovalyuta ticarəti üçün Galaxy Digital-in GalaxyOne Institutional platformasından istifadə edəcək. Rəqəmsal aktivlərin saxlanması üçün isə Galaxy-nin əvvəllər GK8 adı ilə tanınan custody infrastrukturu tətbiq olunacaq. Bank Leumi-nin strategiya rəhbəri Maya Ravia bildirib ki, rəqəmsal aktivlər tədricən qlobal maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilir və bank müştərilərinə bu bazara təhlükəsiz və tənzimlənən maliyyə infrastrukturu çərçivəsində çıxış təqdim etmək istəyir.

Leave a Reply