Kriptovalyuta almaq istəyənələr üçün 7 tövsiyyə

Cryptocurrency_Mining   2017-ci ilin aprel ayında Yaponiyanın ilk kriptovalyuta olan bitcoin-i ölkə daxilində ödəniş vasitəsi kimi qəbul etməsindən sonra ilk dəfə olaraq ümumilikdə kriptovalyuta bazarında rəqəmsal aktivlərin dəyəri artmağa başladı. Kriptovalyutaların qiymətlərinin yüksəlməsi investorların rəqəmsal aktivlərə diqqətini çəkdi və bu sektora marağı daha da artmağa başladı. Kriptovalyutalar kifayət qədər riskli aktivlər olsa belə hazırda yüksək gəlirli investisiya alətlərindən biri hesab edilir. Bunun üçün iki əsas səbəb var:

  1. Texnologiyanın inkişafı. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə kriptovalyutaların verə biləcəyi texnoloji imkanlar fiat pullarla müqayisədə daha çoxdur.
  2. Qiymət artımı prespektivi. Bir çox fiat valyutalar inflyasiya nəticəsində dəyərni itirdikləri halda kriptovalyutalarda əskinə olaraq dəyəri zaman keçdikcə artıma daha çox meyillidir. Bunu bütün kriptovalyutalara aid etmək olmaz lakin bu tendensiyanı kapitalizasiyasına görə “Top 20”-də olan rəqəmsal aktivlərin qiymətinin artım tarıxçəsinə nəzər yetirsək daha aydın görmək olar.

      Bəs risklər? Təbii ki, risklər də var. İnvestisiya kimi kriptovalyutalara bağlı iki mühüm risk faktoru qeyd etmək istəyirəm:

  • Yüksək volatillik riski. Bu o deməkdir ki, qiymət artımı zamanı müəyyən gəlir əldə etmiş investor qısa müddət ərzində qiymətin düşməsi zamanı bütün investisiyasını itirə bilər və bundan heç kim sığortalanmayıb. Buna psixoloji hazır olmaq lazımdır.
  • Hüquqi risk. Kriptovalyutalar üzrə hələ də vahid beynəlxalq hüquqi tənzimləmə mexnizmi olmadığından investorların istədikləri zaman və istənilən ölkədə öz rəqəmsal valyutalarını nəğdləşdirmək və ya ödəniş vasitəsi kimi istifadə imkanları olmur.

      İstənilən yeni texnologiya ilk başlanğıcda elə bir fazada olur ki, həmin vaxt insanalar onun həqiqi dəyərini qiymətləndirməkdə çətinlik çəkir lakin bununla belə gələcəkdə hansı prespektivlər gözlədiyini də anlayır. Misal üçün 90-cı illərin sonunda bir çox internet layihələr var idi ancaq hazırda real dəyəri başlanğıcdakı dəyərindən dəfələrlə çox olan Google, eBay, PayPal, Amazon kimi şirkətlər bazarda qalmağı bacarıb. Digərləri isə ya iflas edib ya da unudulub. Hazırda kriptovalyutalarla da eyni vəziyyətdir. CoinMarketCup.com-a istinadən hazırda 8000-dən çox kriptovalyuta mövcudur və gələcəkdə hansının daha çox uğur qazanacağnı indidən dəqiq proqnozlaşdırmaq çox çətindir. Bu səbəbdən istərdim ki, yeni başlayanlar üçün kriptovalyutalara investisiya etməzdən əvvəl aşagıdakı tövsiyyələri nəzərdən keçirsinlər:

  1. İnvestisiya etdiyiniz kripto-sektoru öyrənin. Bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investiya etməyi qərara alırlar. Lakin qiymətın bahalaşmasını səbəb gətirərək tələsik investisiya etmək düzgün deyil. Razıyam ki, investor üçün əsas məqsəd qazanmaqdır lakin “hamı alır məndə alım” prinsipi kriptovalyuta sektorunda keçərli deyil və ani səhv nəticəsində bütün vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Hesab edirəm ki, daha çox qazana biləcəyiniz deyil daha çox bildiyiniz sahəyə yatırım etməniz daha məsləhətlidir. Investisiya etdiyiniz sahə üzrə nə qədər çox bilik və təcrübəniz olsa bir o qədər uğur qazanmaq şansınız çox olacaq.
  2. Kriptovalyutaların qiymətinin kəskin enməsinə və ya qalxmasın hazır olun. Istənilən investisiya müəyyən risklə müşayət olunur ki, kriptovalyutaların qiymətinin volatilliyi faktoru bu riskləri ikiqat daha çox artırır. Bəzi investorlar hesab edir ki, kriptovalyutanın qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq. Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Kriptovalyuta bazarında qiymətlərin dəyişməsi müxtəlif fundamental faktorlardan aslıdır. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymətin düşdüyü zaman tələsik qərar verib investisiyanı cıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investisiya etməyə tələsməyin.
  3. Kriptovlyutanın təhlükəsiz yerdə saxlanmasına əmin olun. Kriptovalyutaların üç əsas saxlanma forması var: elektron cüzdan, birja hesabı və xüsusi “offline” fleşkartlar. Koinləri almazdan əvvəl sizin üçün şərtləri daha əlverişli və təhlükəsizlik səviyyəsi daha yüksək olan elektron cüzdanı seçmək lazımdır. Bacardığınız qədər elektron cüzdanların təklif etdiyi bütün təhlükəzik qaydalarını aktivləşdirin. Elektron cüzdanlar və kripto birjalarda işləmək bacarığı və təcrübəsi olamayan investorlar üçün əməliyyatlar aparmaq çox təhlükəlidir və istənilən cüzi səhv elektron vəsaitin itirilməsi ilə nəticələnə bilər. Xüsusilə bitkoinlərin saxlanıldığı kripto cüzdan üzrə parolun itirildiyi və ya unudulduğu zaman onun bərpası mümkün olmayacaq.
  4. Kriptovalyutalarınızı birjada uzun müddət saxlamayın. Alqı-satqı edəcəyiniz birjalar haqqında qabaqcadan məlumat toplayın. Birjalar əlverişli interfeys, çox funksionallıq, mübadilə edilə bilən valyuta cütlüklərin sayı, komissiya haqqı və etibarlılığına görə bir birindən fərqlənirlər. Investorlar kripto-birjaların xidmətindən istifadə edərkən 3 əsas risk amilini nəzərə almalıdırlar: birjanın iflası, birjaya xaker hücumu, birja inzibatçılarının fırıldaqçılığı. Odur ki, vəsaitlərinizin əhəmiyyətli hissəsinin “offline” fleşkartlar və ya elektron cüzdanda saxlanması daha təhlükəsizdir. Məlumat üçün qeyd edim ki, 2014-cü ildə bir çox investor o zaman ən böyük bitcoin-birja olan Mt.Gox-a xaker hücümu nəticəsində öz vəsitlərini itirdilər və nəticədə birja iflas elan olundu, ümumi bazarda isə bitcoinin qiyməti 30% düşdü. Həmçinin 2017-ci ilin iyul ayında ən böyük kripto-birjalarından biri olan BTC-e birjasının inzibatçısının qanunsuz əməliyyatları nəticəsində birjanın fəaliyyətinə xitam verildi və istifadəçilər hələ də öz vəsaitlərini geri ala bilmirlər.
  5. Qiyməti ucuz olan kriptovalyutalar hələ ona investisiya etmək üçün səbəb deyil. Çox zaman investorlar qiyməti baha olan koinlərdənsə nisbətən kiçik kapital ilə dəyəri bir dollardan aşağı olan rəqəmsal aktivləri almağa üstünlük verirlər ki, gələcəkdə qiymət artan zaman daha çox qazansınlar. Əgər siz bu sektorla yeni maraqlanırsınızsa bazar kaptalizasiyasına görə “Top 20”-də olmayan kriptovalyutalara dərindən analiz etmədən investisiya etməyin. Elə kriptovalyutalar var ki, onlar spekulyativ xarakter daşıyır. Bu tip koinlər qısa müddət ərzində dəyərinin əhəmiyətli artması zamanı özünə diqqət cəlb edir və müəyyən həddə çatdıqdan sonra spekulyantlar konlərini satıb bazardan çıxırlar. Son nəticədə bazara ən son girən investorların aktivlərinin dəyərdən düşməsinə səbəb olur. Bu tip “əməliyyatlar” kripto-birjalarda adı haldır.
  6. İnvestisiyanızı diversifikasiya edin. Əgər uzunmüddətli yatırım etmək planınız varsa o halda investisiya portfelinizi: 70% bitcoin, 20% ethereum, 10% isə litecoin, stellar, EOS-da saxlamaq daha məqsədə uyğundur. Təbii ki, bu zaman faiz nisbətlərini dəyişməklə digər – Ripple, Polkadot, Tron, Chainlink, Monero, Waves, Dogecoin kimi potensialı yüksək qiymətləndirilən rəqəmsal aktivlərdə də saxlamaq mümkündür lakin çalışmaq lazımdır ki, mümkün qədər 60-70% investisiya portfelinizi bitcoin-də saxlayasınız. Əgər qısamüddətli yatırım etmək istəyirsinizsə o halda altkoinlərə investisiya etmək sərfəli olmayacaq. Çünki qiymətinin artım tempi hazırda ən çox bitcoin-də müşahidə olunur və sizə digər koinləri əldə etmək üçün bitcoin alıb onu altkoinlərə çevirmək lazım gələcək. Sonradan koinlərinizi nəğdləşdirmək üçün onları bitcoinə çevirmək lazim gələcək və bu zaman altkoinlərin dəyərinin bitcoi-nin dəyərinə nisbətində çevirdikdə uduza bilərsiniz.
  7. Borc götürülmüş kapital ilə investisiya etməyə tələsməyin. Kriptovalyutalar yüksək riskli investiya olduğu üçün nə qədər cazibədar olsa belə borca götürülmüş kapital ilə investisiya etmək məsləhət deyil. Borca götürülmüş kapital çox zaman qısamüddətli olur və bu müddət ərzində investisiya etdiyiniz koinlərin qiymətinin dəyişməsi nəticəsində kapitalınızı itirə bilərsiniz. Kripto investisiyalar bəzən olur ki, özünü doğrultması üçün 3 ilə yaxın zaman tələb edir.

Elnur Quliyev.

   Ümid edirəm ki, yuxarıda qeyd etdiyim tövsiyyələrin gələcəkdə sizin kriptovalyutalara investisiya etməklə bağlı verdiyiniz qərarlara müsbət mənada təsiri olacaq. Əgər bu sektorda təcrübəniz yoxdursa çalışın ki, kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edəsiniz. Təcrübə onu göstərir ki, uğurlu investor olmaq üçün əsasən üç önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. İnvestiya instrumenti üzrə malik olduğunuz informasiyanı “risk iştahanız”ın imkan verdiyi sərhəddə istifadə edin.

Müəllif:  Elnur Quliyev  / Crypto Consulting MMC

Bitcoin nədir?

Kriptovalyuta nədir?

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

Paxful – bitcoin almaq üçün P2P platforma

Arb24 TV-də kriptovalyuta müzakirəsi: İyul 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018

Elnur Quliyev: Kriptovalyuta sektorunun tənzimlənməsi qaçılmazdır!

One comment

Leave a Reply