Belarus prezidenti Aleksandr Lukaşenkonun imzaladığı “Rəqəmsal İqtisadiyyatın İnkişafı haqqında” fərman martın 28-də qüvvəyə minəcək. Bu barədə Yüksək Texnologiyalar Parkının (YTP) mətbuat xidmətindən xəbər verilib. Fərman rəsmi olaraq kriptovalyutaları almaq, satmaq və mübadilə etməyə imkan verəcək. Həmçinin mübadilə platforması və blokçeyn texnologiyası sahələrində fəaliyyətlərə də icazə veriləcək.
Bu fəaliyyəti yalnız Yüksək Texnologiyalar Parkının sakinləri kimi qeydiyyata alınan biznes subyektləri həyata keçirə bilərlər. YTP-nin nümayəndələri qeyd edirlər ki, 28 mart 2018-ci ilədək kriptovalyuta ilə bağlı hər hansı bir fəaliyyət hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilə bilməz. Sənəddə 2023-cü il yanvar ayının 1-nə qədər kriptovalyutalardan əldə olunan gəlirlərdən vergi tutulmayacağı qeyd olunub. Rəqəmsal iqtisadiyyatın Belarus banklarının fəaliyyətinə tətbiqi üçün Mərkəzi və Şərqi Avropanın Banklar Assosasiyası maliyyə sektorunun əməkdaşları üçün bir sıra seminarlar keçirəcəkdir.
“Rəqəmsal iqtisadiyyatın inkişafı” haqqında fərman kriptovalyuta ödənişləri və blokçeyn texnologiyasının inkişafına böyük diqqət yetirir. Həmçinin Belarus Respublikasının Milli Bankı fərman qəbul edildikdən üç ay sonra sektorun əlavə tənzimlənməsi üçün normativ-hüquqi bazasını hazırlayıb təqdim etməlidir.
“Həyat dəyişir. İlin əvvəlində hər hansı bir mayninq, blokçeyn, kriptovalyuta haqqında danışa bilməzdik. Bu gün isə bu, reallığa çevrilir. Buna görə də həyat və təbii ki, normativ-hüquqi baza dəyişdiriləcək” – Aleksandr Lukaşenko bildirib.