Bitcoin.com-un məlumatına əsasən San-Fransiskoda yerləşən kriptovalyuta şirkəti Coinbase, Amerikadakı bəzi müştəriləri üçün nəzərdə tutulmuş 1099-K vergi formalarını göndərib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu vergi forması 200-dən çox əməliyyat aparan və ya il ərzində 20.000 dollarından çox dövriyyəsi olan istifadəçilər üçün nəzərdə tutulub.
Sosial şəbəkələr və kripto-forumları artıq Coinbase müştərilərinin şikayətləri ilə doludur. Birja istifadəçiləri öz əməliyyatları üzrə məlumatların ABŞ Vergi Xidmətinə verilməsinə etiraz edərək bu barədə əvvəlcədən xəbərdar edilmədiklərini qeyd ediblər.
Xatırladaq ki, 2017-ci ilin noyabr ayında Kaliforniyanın Federal Rayon Məhkəməsi Coinbase-i ABŞ-ın Vergi Xidmətinə 2013-cü ildən 2015-ci ilədək olan dövrdə 20.000 dollarından artıq məbləğində əməliyyatlar həyata keçirən 14,355 istifadəçinin şəxsi məlumatlarını təqdim etməyi əmr etmişdir.