Martın 6-sı Ripple Yaponiya bank konsorsiumunun üç üzvü – SBI Net Sumishin Bank, Suruga Bank və Resona Banklarının Ripple texnologiyasına əsaslanan “MoneyTap” adlı mobil proqramını 2018-ci ilin payızında tətbiq edəcəklərini açıqladı.
Ripple-nin açıqlamasına əsasən yeni mobil proqram bu bankların müştərilərinə ölkə daxilində həftənin istənilən günü və 24 saat pul köçürmələri etməyə imkan verəcək. Bundan əlavə, istifadəçilər yalnız bank hesabı, telefon nömrəsi və ya QR kodu istifadə etməklə bank köçürmələrindəki gecikmələr olmadan əməliyyatları anında edə bilərlər. Qeyd edək ki, hazırda Yaponiya banklarının müştəriləri yalnız 8:30-dan 15:30-a qədər əməliyyatlar həyata keçirə bilər.
MoneyTap üç bankda sınaqdan keçirilildikdən sonra onun tətbiqinə konsorsiumun digər üzvləri də keçəcək. Nəzərə alsaq ki, konsorsiumun üzvü olan banklar bütovlükdə ölkə bank sisteminin ümümi aktivlərinin 80%-nə nəzarət edir, beləliklə bu tətbiqin istifadəçiləri Yaponiyanın sakinlərinin böyük əksəriyyəti olacaq.
Xatırladaq ki, 61 bankdan ibarət olan konsorsiuma Ripple ilə yaponiya maliyyə qiqantı olan SBI Holdings-in birgə şirkəti olan SBI Ripple Asia rəhbərlik edir. 2017-ci ildə SBI Ripple Asia Yapon və Koreya bankları arasında Ripple texnologiyası əsasında əməliyyatları sınaqdan keçirmişdir.