Müasir dövrdə supermarketlərdə məhsul çeşidlərinin sürətlə artması həm satıcılar, həm də alıcılar üçün əlavə çətinliklər yaradır. Müştərilər axtardıqları məhsulları tapa bilməməkdən,şirkətlər isə, məhsullarının diqqəti cəlb etməməsindən şikayət edirlər. Belə olduqda, supermarketlərin müəyyən bölmələrinin və müəyyən rəflərinin önəmi artır. Şirkətlər bu strateji nöqtələrin hər qarışı, hətta hər santimetri uğrunda mübarizə aparırlar. Son illərdə merçendayzinqin önəmini anlamış olan bəzi Azərbaycan şirkətləri də supermarketlərdə məhsullarının merçendayzinqi üçün xüsusi fəaliyyətlər həyatə keçirirlər. Hazırda merçendayzinqin üç vacib qaydasını nəzərdən keçirəcik:
Məhsulların rəflərdə yerləşdirilmə qaydası
Tutaq ki, bir şirkət olaraq məhsulumuzun həm istehsalı həm də satışı ilə məşğuluq. Supermarket ilə razılıq əldə edib əvvəlki üç qaydaya-qızıl üçbucaq, bölümlər və rəf səviyyəsi qaydalarına uyğun olaraq məhsulumuz üçün rəf seçmişik. İndi isə qarşımıza yeni bir sual çıxır. Məhsullarımızı rəfin hansı hissələrində yerləşdirilməliyik?
Məhsullarımız rəfin başlanğıcında, sağ tərəfdə, bu mümkün olmadıqda isə, rəfin düz mərkəzində yerləşdirilməlidirlər. Çalışmalıyıq ki, rəfdə rəqib məhsuldan əvvəl, yəni rəqibdən sağda, öz məhsulumuzu yerləşdirək. Əgər, yeni və ya az satılan məhsulumuz varsa onu ən çox satılan məhsulumuzdan sağda yerləşdirməliyik. Əgər məhsullarımızı rəflərə şaquli olaraq düzürüksə, rəfləri bərabər hissələrə bölməli, sağdan birinci, ya da mərkəzdəki, bu mümkün olmayanda isə, aralarındakı hissəni və ya hissələrdən birini seçməliyik.
Məhsulun rəfdə tutduğu məsafə qaydası
Müştərilər üçün məhsulu tapmaqda çətinlik yaradan problemlərdən biri də bəzən məhsulun strateji olaraq düzgün bölümdə və düzgün rəfdə əl və ya göz səviyyəsində yerləşdirilməsinə baxmayaraq rəfdə tutduğu yerin az olması nəticəsində baş verir. Bunun üçün də aşağıdakı suala cavab tapmaq lazımdır. Məhsullarımız rəflərdə nə qədər yer tutmaqla yerləşdirilməlidirlər? Merçendayzinq mütəxəsisləri arasında bir sıra müxtəlif fikirlər səslənsə də ən optimal variant ən az 20-40 sm olmaqla məhsulumuzun rəfdə düzülməsidir. Bu müştərilərin diqqətini cəlb etmək üçün lazım olan minimal məsafədir. Əlbəttə ki, supermarketlərdə məhsullarımız nə qədər geniş yer tutsa o qədər yaxşıdır. Bəzən strateji nöqtələr uğrunda rəqabət o qədər güclü olur ki, həmin rəflərdə ən az 20 sm yer tutmaq belə məhsullarımızın satışında artışa səbəb olur.
Feysinq qaydası
Feysinq ilk baxışdan sadə bir xırdalıq kimi görünsə də, merçendayzinqin ən vacib qaydalarından biridir. Belə ki, rəflərdə məhsulun üzü müştərilərə tərəf olmalı və məhsulun adı rahatlıqla oxunmalıdır. Tədqiqatlar göstərir ki, müştərilərin 91% məhsulun üzünü, 42%- i isə həm üzünü,həm də arxasını oxuyurlar. Təəssüf ki, bəzi istehsalçılar məhsullarının ambalajındakı məlumatları aşağı punktlarda və olduqca sıx yazırlar. Nəzərə alsaq ki, bir çox müştərilərin, xüsusən də, 50 yaşdan yuxarı yaşda olanlarının, görməklə bağlı problemləri olur, bu halda bu yaşdakı müştərilərin məhsulların üzərindəki yazıları oxuyarkən nə qədər çətinlik çəkdiyini başa düşmək çətin deyil. Buna görə də, məhsulların ambalajlarının üzərindəki yazıları mümkün qədər böyük punktla və aydın yazmaq sizə satış zamanı əlavə üstünlük qazandıracaqdır.