Dünyanın əksər ölkələrində tanınan, imtahanları işə qəbul zamanı yüksək qiymətləndirilən, sertifikatları və diplomları əksər beynəlxalq şirkətlər tərəfindən tanınan, beynəlxalq təşkilat olan ACCA-in əhəmiyyəti getdikcə artır.
ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanlar iki hissəyə bölünür:
Fundamentals:
- F1 Accountant in Business – Mühasib və biznes
- F2 Management Accounting – İdarəetmə uçotu
- F3 Financial Accounting – Maliyyə uçotu
Qeyd! Bunlar Knowledge Modulu adlanır və əsas anlayışları əhate edir.
- F4 Corporate and Business Law – Korporativ hüquq
- F5 Performance Management – Səmərəliliyin idarə edilməsi
- F6 Taxation – Vergilər
- F7 Financial Reporting – Maliyyə hesabatları
- F8 Audit and Assurance – Audit və onu müşahidə edən xidmətlər
- F9 Financial Management – Maliyyə menecmenti
Qeyd! Bunlar Skills Modulu adlanır və mənimsənilməsi vacib olan texniki sahələri əhatə edir.
Professional:
- P1 Professional Accountant – Professional Mühasib
- P2 Corporate Reporting – Korporativ Hesabatlar
- P3 Business Analysis – Biznesin Təhlili
Qeyd! Bunlar Essentials Modulu adlanır və əsas fənləri əhatə edir.
- P4 Advanced Financial Management – Maliyyə menecmenti
- P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi
- P6 Advanced Taxation – Vergilər
- P7 Advanced Audit and Assurance – Audit və onu müşahidə edən xidmətlər
Bəs ACCA imtahanlarına necə müraciət olunur və imtahana kimlər girə bilər?
ACCA peşəkar kvalifikasiyalarına qeydiyyatdan keçmək və imtahan verə bilmək üçün müəyyən şərtlərə cavab verməklə ACCA-yə tələbə kimi qeydiyyatdan keçməli və konkret əsas imtahana yazılmalısınız. Bu şərtlərə daxildir:
- Hər hansı ali təhsil müəssisəsinin 1-ci kursunu uğurla bitirmək
- Ali təhsili olmayan, 21 yaşdan yuxarı şəxslər üçün minimum 3 illik iş təcrübəsi (istənilən sahədə)
Müraciət formasına gəldikdə isə, www.accaglobal.com saytına daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı təqdim edilməli olan sənədlər:
- Şəxsiyyətinizi təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- Hal-hazırda ali təhsil aldığınız və ya ali təhsilinizi bitirdiyinizi sübut edən arayış və ya diplom (ali təhsil alırsınızsa və ya artıq bitirmisinizsə);
- Ali təhsil zamanı aldığınız qiymətləri əks etdirən sənəd (arayış və ya diplom əlavəsi);
- Təcrübənizi təsdiq edən sənəd (ali təhsil olmadan 21 yaşdan yuxarı olan şəxslər üçün tələb olunur, ali təhsil almış və ya təhsilini davam etdirən şəxslər üçün ehtiyac yoxdur);
- Foto şəkil.
Qeyd: Sənədlər ingilis dilində deyilsə, onlar tərcümə edilib notarial qaydada təsdiq edilməlidir.
ACCA imtahanlarına hazırlaşmaq üçün siz ya ACCA tərəfindən rəsmi akkreditasiya olunmuş təlim mərkəzlərində təhsil ala, ya self-study adlandırdığımız metoddan istifadə edərək özünüz hazırlaşa, ya da distance-learning deyilən online təlim proqramlarına qeydiyyatdan keçməklə hazırlaşa bilərsiniz. ACCA imtahanlarının formatı test (F1-F4) və yazılı (F5-F9) formada olur. Bütün fənlərin keçid balı (100%-dən) minimum 50%-dir. ACCA peşəkar kvalifikasiyası bütün dünyada yalnız ingilis dilində tərtib olunur. Azərbaycanda bəzi tədris mərkəzləri ACCA proqramından və tədris materiallarından istifadə edərək azərbaycan dillində bu təhsili verir.
ACCA-nın yuxarıda adı çəkilən 14 imtahanından azad olma imkanı da var. Yəni hazırlaşmadan və imtahana girmədən ACCA rəsmi sertfikatını əldə etmək mümkündür. Siz ilk səviyyə üzrə imtahan verdikdən sonra təqdim etdiyiniz sənədlərə əsasən ACCA tərəfindən sizə azad olunma təklifləri gələ bilər. Siz ya qəbul edib, qeydiyyat haqqını ödəməklə sertfikatı əldə edə, ya da imtina edib hazırlaşmaqla imtahana girib sertifikat əldə edə bilərsiniz. Qeyd edək ki, imtahanda iştirak edib sertfikat almaqdan fərqli olaraq, azad olunmadan əldə etdiyiniz sertifikatda sadəcə bu səviyyəni rəsmi şəkildə keçdiyiniz qeyd olunacaq və heç bir keçid balı qeyd olunmayacaq.