Dünyanın ən məşhur universitetlərindən olan Yel (Yale) Universiteti aktivləri 400 mln dollar olan Paradigm kriptovalyuta fondunun investorların biri olub. Bu barədə Bloomberg agentliyi xəbər verib. İnvestisiyanın dəqiq məbləği açıqlanmır.
Paradigm fondu Fred Ehrsam (Coinbase-in həmtəsisçisi), Matt Huang (Sequoia Capital-ın partnyoru) və Charles Noyes (Pantera Capital) tərəfindən yaradılıb. Fondun yaradıcılarının sözlərinə əsasən Paradigm kriptovalyuta, blockchain və rəqəmsal aktivlərin mübadiləsi ilə bağlı proyektlərə investisiya qoymağı planlaşdırır. Yel Universitetinin qeyri-kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan aktivlərinin 60%-i alternativ investisiyalardır. Universitetin iqtisadiyyat üzrə professoru Oleq Çıvinskiy avqust ayında apardığı tədqiqatın nəticələrinə əsasən investisiya portfelinin 6%-ni bitcoin-də saxlamağı tövsiyə etmişdir.
Xatırladım ki, Yel Universiteti 1701-ci ildə yaradılıb və ABŞ-ın ən qədim şəhərlərindən biri olan Nyu-Heyvendə yerləşir. Bura 12 bölmə daxildir: dörd illik bakalavr dərəcəsi verən Yel Kolleci; dəqiq, təbii və humanitar elmlər, eləcə də hüquqşünaslıq, tibb, biznes, ətraf mühitin mühafizəsi, ilahiyyat, memarlıq, musiqişünaslıq, rəssamlıq, aktyorluq və s. ixtisaslar üzrə aspirantura. Hər il 65 kafedra tərəfindən 2000-dən çox kurs təklif edilir. Yel Universitetində təhsil alan tələbələrin 60 faizi maliyyə yardımı alır. Təhsil haqqı tələbənin oxuduğu ixtisasdan aslı olaraq 20.00-50.000 dollar təşkil edir.