Avtomobil sürücülərini ən çox maraqlandıran aktual mövzulardan biri MMX radarlarının sistemə vurulma qaydası, vaxtı və şikayət müddətinin nə qədər olmasıdır. İlk olaraq radarın sistemə vurulmasına aydınlıq gətirək. Bu məsələ İnzibati xətalar məcəlləsinin 38.6-cı maddəsində öz əksini tapıb:
38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Bu nə deməkdir? Qanun pozuntusu 1 gün ərzin sistemə yerləşdirilməlidir. Yəni, əgər siz qayda pozursunuzsa, bu qayda pozuntusu kamera vasitəsi ilə qeydə alınırsa, o mütləq 1 gün ərzində sistemdə yerləşdirilməlidir. Bir gündən sonra elektron kabinetinizdə görünməyəcəksə, demək bu qayda pozuntusu haqqında tədbir görülməsi düzgün deyil.
İnzibati xətalar məcəllləsinin 122-ci maddəsinə əsasən mmx sizin qayda pozuntunuzu qeydə aldıqdan sonra, ya sizin qeydiyyatda olduğunuz və ya avtomobilə verilmiş sonuncu etibarnaməsi olan şəxsin qeydiyyatda olan ünvanına qərar şəklində göndərilməlidir. Əsas problemlər bu zaman yaranır. Avtomobil qeydiyyatda başqa ünvanda, sürüc tam başqa, etibarnaməsi olan isə ayrı bir ünvanda qeydiyyatda olurlar. Radardan xəbərdar olmaq üçün mütləq elektron kabinetinizi yaradın və orada hər həftə sənədin sistemdə olub-olmamasını yoxlayın. Yoxlamadığınız təqdirdə problem yaşayacaqsınız.
Bəzən sürücülər yolda saxlanılaraq radara düşməklə bağlı DYP-dən protokol yazılma cəhdi haqqında suallar verirlər. Sualın cavabı inzibati xətalar məcəlləsində var:
122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır.Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.
Bəs cəriməni nə zaman ödəmək öhdəliyi yaranır?
125.8. İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.
Bununla bərabər şikayət etmək müddəti də var. Əvvəllər qərardan şikatyət etmək müddəti 10 gün idi. İndi isə qanunda bu müddət bir az da uzadıldı.
126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.
Mənbə: avtostop.tv