Tether-in hüquqi məsələlər üzrə direktoru Leonardo Real bildirib ki, bütün USDT tokenləri ABŞ dollarları ilə təmin edilib və şirkətin aktivləri həmişə maliyyə öhdəliklərindən çox olub. Bank of Montreal-ın çirkli pulların yuylması ilə mübarizə idarəsinin eks rəhbəri Leonardo Real 2018-ci ilin iyul ayında Tether-in hüquqi məsələlər üzrə direktoru təyin edilib.
Leonardo Real: “Tether tokenləşdirilmiş dolların ən böyük təchizatçısıdır və bir çox iri birjalarda təmsil olunur. Biz növbəti dəfə təsdiq edirik ki, qiymətin müvəqqəti dəyişməsinə baxmayaraq bütün USDT tokenləri ABŞ dolları ilə təmin olunub və şirkətin aktivləri həmişə öhdəliklərindən çox olub”. Real həmçinin qeyd edib ki, Freeh Sporkin & Sullivan, LLP (FSS) hüquq şirkətinin hesabatında da bütün tokenlərin Tether-in bank hesablarındakı ABŞ dollarları ilə təmin olunduğu göstərilib. Lakin bununla belə FSS-in hesabatında deyilir ki, onların apardıqları maliyyə auditi “ümumi qəbul edilmiş mühasibat və audit standartlar” çərçivəsində aparılmayıb, çünki FSS mühasibatlıq ixtisaslı şirkət deyil.
Xatırladım ki, oktyabrın 15-i səhər saatlarında USDT tokenin qiyməti son 18 ayda ən minimum səviyyəyə – 0.92 dollara endi. Buna əsas səbəb isə dövriyyəsinə görə ən böyük kriptovalyuta birjası olan Binance-nin rəqəmsal vəsaitlərin USDT ilə məxaricini məhdudlaşdırmasını elan etməsi oldu. Bu xəbərdən sonra bir çox birjalarda bitkoinin qiyməti bir neçə saat ərzində 6240-dan 6668 dollara qədər qalxdı. Hətta Bitfinex birjasında bitkonin qiyməti 7788 dollara qədər qalxa bilmişdi. Lakin artıq bir gün sonra Binance məhdudlaşmanın “USDT sistemində yüklənmə” ilə əlaqədar olduğunu bəyan edərək birjaya USDT ilə mədaxil və məxarici etməyi bərpa etdi. Bundan sonra USDT-in qiyməti 0.97 dollara qayıtdı.
Dünyanın ən stabil kriptovalyutası: Tether