Dekabrın 1-i Argentinada keçirilən G20 (böyük iyirmilik) toplantısında müzakirə olunan mövzulardan biri də rəqəmsal aktivlərin tənzimlənməsi məsələsi də olub. G20 üzvləri yeni maliyyə sənayesinin tənzimlənməsi və vergiyə cəlb edilməsi üçün vahid qaydaların hazırlanması istiqamətində deklarasiya imzalayıb. Bu sənəd həmçinin G20 üçün aktual problemlərdən biri olan çirkli pulların kriptovalyutalar vasitəsi ilə yuyulmasına qarşı vahid tədbirlərin hazırlanması nəzərdə tutur.
G20 toplantısında qərara alınıb ki, tənzimləmə ilə bağlı olaraq hər bir üzv ölkə gələn il Yaponiyada keçirilicək növbəti görüş üçün öz təklifini hazırlayıb təqdim etsin. Sənəddə qeyd edilir: “Biz çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üçün kripto-aktivləri FATF standartlarına uyğun olaraq tənzimləyəcəyik”.
Xatırladım ki, FATF (Financial Action Task Force) maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə 1989-cu ildə yaradılmış hökümətlərarası beynəlxalq qurumdur. FATF-ın rəhbəri Marshall Billingslea oktyabr ayında kriptovalyutaların tənzimlənməsi üzrə standartların 2019-cu il iyun ayında təqdim ediləcəyini bəyan edib.