Analitik şirkət olan Coinfirm kriptovalyuta birjalarında istifadəçilərinə qarşı tətbiq etdikləri identifikasiya standartlarına (KYC – know your customer) hansı dərəcədə əməl etdiklərini barədə tədqiqat aparıb. Məlum olub ki, böyük əksəriyyət birjalar tənzimləyicilərin tələblərinə əməl etmir. Tədqiqatçılar 216 kriptovalyuta birjasının identifikasiya prosedurlarını təhlil edib. Birjaların 69%-i tələb olunan standartları tam olaraq tətbiq etmədiyi aşkar edilib və onların cəmi 26%-də çirkli pulların yuyulmasına qarşı standarta (AML – anti money laundering) əməl edildiyi müəyyən edilib.
Coinfirim-in rəhbəri Pavel Kuskovskiy: “Bir çoxları anonim ticarətin kriptovalyuta bazarının müsbət cəhəti kimi görürlər lakin digər tərəfdən bu faktor biznes üçün müəyyən çətinliklər yaradır və kriminal fəaliyyətlə bağlı risklərinin artmasına səbəb olur.”
Coinfirim-in veridiyi məlumata əsasən dövriyyəsinə görə ən iri kriptovalyuta birjalarından biri olan Binance birjasında da KYC standartlarına əməl edilmir. Belə ki, birjada 2 BTC (təqribən 8000 dollar) dəyərində rəqəmsal aktivlərin hesaba mədaxili və ya məxarici üzrə heç bir identifikasiya tələb edilmir. Coinfirim analitikləri Coinbase, Coinsquare, Gemini və Poloniex birjalarını nisbətən daha etibarlı hesab edirlər. Əsas səbəb isə bu birjaların tənzimləyicilər tərəfindən verilən rəsmi lisenziyalarının olması, KYC və AML standartlarına ciddi əməl etmələridir.