2019-cu ilin may ayının əvvəlindən bitkoinin qiymətində sürətli artım müşahidə olunmağa başlandı. Bitkoinin qiymətinin qalxmasına iri korporativ investorların ilk kriptovalyutaya olan marağının artaması olub. Bunun əsas səbəbi odur ki, hazırda investorlar fond birjalarında olan qarışıqlıq və dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənlik (növbəti maliyyə böhranının yaxınlaşması xəbərləri) dövründə alternativ investisiya aktivləri axtarışındadırlar. Bununla bərabər may ayında ABŞ-Çin arasında ticarət müharibəsi xəbərləri də bitkoinin qiymətinin qalxmasında mühüm rol oynadı.
ABŞ-Çin arasındakı ticarət əlaqələrinin ədalətsizliyi hələ Donald Trampın seçki kampaniyası dövründə əsas mövzularından biri idi. İki ölkə arasındakı ticarət əlaqələri o qədər qüvvətlidir ki, bütün beynəlxalq iqtisadi qurumlar bu konfliktin dünya iqtisadiyyatını yavaşladacağını və dünya ticarət böhranına səbəb olacağını bildirirdilər. Buna baxmayaraq, ABŞ-ın qəti mövqeyi problemin daha da dərinləşməsinə gətirib çıxardı. ABŞ Çin qarşısında həm iqtisadi, həm də siyasi tələblər qoyur. İqtisadi cəbhədə Tramp Administrasiyası hesab edir ki, ABŞ-ın trilyon dollarlarla ölçülən ticarət kəsiri əslində onun sərvətinin xaricilərə transferidir. Xariclər isə bu sərvətdən istifadə edərək ABŞ-ın aktivlərini əldə edirlər və belə davam edərsə, ölkə tamamən xaricilərin əlinə keçəcək. Əlbəttə ki, əsas “xaricilər” Çinlilər nəzərdə tutulur. Siyasi cəbhədə isə ən əsas fikir ayrılığı Şimali Koreya və Tayvan barəsindədir və Çindən bu ölkələrə olan təsirini müsbət istiqamətdə istfadə etməsi tələb olunur.
Yuxarıda sadaladığım ixtilaflar öz həllini tapmadığı üçün 2018-ci ildə münaqişə daha da kəskinləşdi. Qarşılıqlı rüsumlar tətbiq olunmağa başladı. 2018-ci ilin sonunda rüsum tətbiqinə ara verildi və müzakirələr başladı. Lazımi nəticə alınmadığı üçün May ayından ikinci dalğa rüsumlar tətbiq olundu.
ABŞ-Çin arasında ticarət dövriyyəsinə nəzər saldıqda məlum olur ki, Çin ABŞ-a 539 milyard dollarlıq, ABŞ isə Çinə 120 milyard dollarlıq mal və xidmət ixrac edir. Nəticədə Çinin bu münaqişədən daha çox əziyyət çəkəcək.
Məlumdur ki, Çin höküməti 2018-ci ildə kriptovalyuta sənayesinə ciddi ziyan vuran qərarlar verdi: kripto-birjalar və İCO-lar üçün qadağa qoyuldu, kriptovalyuta mayninqi və mübadilə servislərinin fəaliyyəti məhdudlaşdırıldı. Çin hökuməti hesab edirdi ki, kriptovalyuta sənayesini məhdudlaşdırmaq və ciddi nəzarətdə saxlamaqla milli valyutanı daha stabil saxlayacaqlar. Lakin Çin Trampın sanksiyalarına qarşı əks tədbirləri (60 milyard dollar dəyərində ABŞ mallarına idxal tariflərini artırılması qərarı) açıqladıqdan sonra yuan son altı ayda ən aşağı səviyyəyə endi. Hökumət dolların bahalaşmasının qarşısını almaq üçün hər bir çinlinin il ərzində 50.000 dollardan çox almaması üçün məhdudiyyət qoydu. Bununla paralel olaraq Çin kapitalinin kriptovalyuta bazarına girməsi də onu göstərdi ki, çinlilər dəyərdən düşməkdə olan milli valyutalarını bitkoinə dəyişməkdə davam edir. Çünki bitcoin birjadankənar dillerlər və ya LocalBitcoins kimi populyar servislər vasitəsilə hökumət tərəfindən qoyulan məhdudiyyətləri keçməyi imkan yaradır. Aprel ayından başlayaraq LocalBitcoins və müxtəlif regional kriptovalyuta birjalarda çinli istifadəçilərin ticarət dövriyyəsinin artması müşahidə olunmaqdadır. Fakt odur ki, yuan dəyər itirdikcə çinli investorlar milli valyutanı digər maliyyə aktivlərinə dəyişməkdə maraqlı olacaq. Hesab edirəm ki, ABŞ-Çin ticarət müharibəsi nə qədər çox şiddətlənərsə, bu faktor bitkoinin qiymətinin artmasına öz təsirini göstərəcək.
Müəllif: Elnur Quliyev
Kriptovalyutaların mövcud durumu və prespektivləri – Elnur Quliyev
Arb24 TV-də kriptovalyuta müzakirəsi: İyul 2019
Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019
Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018