İnternet – müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemidir. Texnologiyanın inkişafı ilə kompüterlərin şəbəkələrdə (“network”) birgə işləməsi mümkün oldu. Bir-birinə qoşulmuş şəbəkələr isə artıq “interşəbəkə” (“internet”) əmələ gətirir. Beləliklə, “İnternet” sözü ümumi mənada “qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu” deməkdir. Faktiki olaraq, İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət qlobal şəbəkədir.
1969-cu ildə ABŞ Müdafiə Nazirliyini Perspektiv Araşdırmalar Agentliyi (Advanced Research Projects Agency, ARPA) yeni texnologiya əsasında ilk kompüter şəbəkəsini qurmağa başladı. Buna qədər “RAND Corporation” və bir neçə təhsil müəssisəsi – Massaçusets Texnoloji İnstitutu və Kaliforniya Universiteti yeni şəbəkə protokolu üzərində işləyirdilər. Bu protokol iki qurğu arasında yüksək sürətli rabitəni təmin etməli idi. ARPANET ilə ilk mesaj 29 oktaybr 1969-cu ildə saat 22:30-da göndərilmişdi. Mesaj yalnız “Login” kəlməsindən təşkil edilmişdi. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə beynalxalq standart kimi təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP (Transmission Control Protocol/Internet Protocol – “Ötürmənin idarəolunması protokolu/İnternet protokolu”) qəbul olundu. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. 1985-ci ildə ABŞ Milli Elmi Fondu (National Science Foundation) tərəfindən qurulmuş yüksək sürətli NSFNET şəbəkəsi yaradıldı və ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı.
Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-cu ildə WWW (World Wide Web – “dünya hörümçək toru”) yaradıldı. Tim Berners Lee hiper mətnli sənədlər texnologiyasını yaratdı. Dünyada internetin “atası” kimi tanınan Tim Berners Lee 2004-cü ildə insanlıq mədəniyyətinə qatqılarına görə İngiltərə Kraliçası tərəfindən Ser titulu verilib və 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. Onun adı “Time” jurnalında dərc olunan “20-ci əsrin 100 ən görkəmli insanları” siyahısına daxil edilmişdir.
İnternet əsası bir-biri ilə birləşdirilmiş regional şəbəkələrdir. Hər bir belə şəbəkə İnternetə giriş nöqtəsi (Network Access Point, NAP) adlanır. Bir qayda olaraq, bu şəbəkələri müxtəlif İnternet xidmətləri təklif edən şirkətlər idarə edir. Sıravi istifadəçi İnternetə qoşulmaq üçün adətən İnternet xidmətləri təminatçısı (Internet Service Provider, ISP) ilə müqavilə bağlamalıdır. ISP telefon xətləri ilə yüksək sürətli rabitə kanallarına malik yerli şirkətdir.
İnternet istifadəçisi şəbəkədə digər kompüterlərlə “müştəri-server” modeli üzrə mübadilə aparır. İstifadəçiyə İnternet resursları – informasiya və xidmətlərini “server” adlanan host-kompüter (host – ingiliscə “sahib”) təqdim edir. İstifadəçi (“müştəri”) isə bu resurslara şəbəkə protokolu üzrə informasiyanın uyğun şəkildə gətirilməsini təmin edən müştəri-proqramlar vasitəsilə müraciət edə bilir. Burada hər bir kompüter – həm server, həm də müştəri onu şəbəkənin digər kompüterlərindən fərqləndirən unikal IP-ünvana malikdir. IP-ünvan bir-birindən nöqtələrlə ayrılmış dörd rəqəm qrupu şəklində (məsələn: 208.218.46.205) təsvir olunur. Lakin bu format istifadəçilər üçün əlverişli olmadığından, daha anlaşıqlı domen adları sistemi (Domain Name System, DNS) işlənib tətbiq olundu. Məsələn:
- .com kommersiya ilə məşğul olan təşkilatlar
- .edu – təhsillə məşğul olan təşkilatlar
- .org – kommersiya ilə məşğul olmayan təşkilatlar
- .gov – hökumət təşkilatları
- .int – beynəlxalq təşkilatlar
- .net – şəbəkə xidmətləri göstərən təşkilatlar
Birinci səviyyəli təşkilat domenlərindən başqa kompüterin yerini müəyyənləşdirən coğrafi domenlər də var:
- .az – Azərbaycan
- .de – Almaniya
- .fr – Fransa
- .ru – Rusiya
- .us – Amerika Birləşmiş Ştatları
- .tr – Türkiyə
- .ge – Gürcüstan
- .uk – Böyük Britaniya
Domen adlarının verilməsinə Şəbəkə İnformasiya Mərkəzi (Network Information Center) nəzarət edir.
İnternetdə təqdim olunan hər bir resursa müraciət etmək üçün onun unikal identifikatoru – universal resurs göstəricisi (Uniform Resource Locator, URL) adlanan internet-ünvanı (məsələn: http://x-wing.cc.boun.edu.tr/index.html) var. URL-nin birinci hissəsi (burada – http) serverin resursa müraciət üçün hansı üsuldan istifadə etməsini, ikinci hissəsi (burada – x-wing.cc.boun.edu.tr) isə host-kompüterin ünvanını göstərir. Serverin ünvanından sonra URL-in əlavə komponentləri gələ bilər, adətən bu, serverdəki konkret resursun adı (burada – index.html faylı) olur.
İnternet xidmətləri aşağıdakılardır:
- WWW (World Wide Web);
- E-mail və ya Elektron poçt (Electronic Mail);
- FTP (File Transfer Protocol) – faylları ötürmə protokolu;
- Telekonferensiya (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir və uzaq məsafədə səs və video əlaqələrin təşkili üçün nəzərdə tutulub.
İnternetin ümumi qəbul olunmuş mənada “sahib”i yoxdur, buna baxmayaraq onun işlək vəziyyətdə saxlanması ilə məşğul olan təşkilatlar mövcuddur. İnternet Fəaliyyət Şurası (Internet Activities Board) ümumilikdə İnternetin arxitektura və strukturuna nəzarət edir və iki qrup – Araşdırma (Internet Research Task Force) və Mühəndis (Internet Engineering Task Force) qrupundan ibarətdir. Bunların hər biri İnternetin uyğun sahədə perspektiv inkişafını müəyyənləşdirir, həmçinin yeni standartların təşkil olunması işini koordinasiya edir.
Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başladı və ilk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradıldı. İlk dövlət orqanının saytı isə 1997-ci ildə yaradılan Azərbaycan Respublikası Prezidentinin saytı oldu.
Müəllif: Elnur Quliyev