İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının ixracı 8,6 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 17 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon dollar və ya 18 faiz artıb. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 204 milyon dollar təşkil edib. 2018-ci ilin may ayı ilə müqayisədə 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon dollar və ya 12 faiz artıb. Bu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon dollar), Türkiyəyə (33 milyon dollar), Gürcüstana (14,6 milyon dollar), İsveçrəyə (8,2 milyon dollar) və İtaliyaya (6,6 milyon dollar) ixrac edilib. 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (54,6 milyon dollar) birinci, kartof (20,2 milyon dollar) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 milyon dollar) üçüncü olub.
“İxrac İcmalı”nın iyun sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:
- “MKT İstehsalat Kommersiya” MMC;
- “Socar Polymer” MMC;
- “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi;
- “Caspian enerji-2020” MMC;
- “P-Aqro” MMC;
- “Food Export Şəmkir” MMC;
- “Sun Food” MMC;
- “Baku Steel Company”;
- “Nine Climate” MMC;
- “Aqrovest” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Siyahıda sonrakı yerləri aşağıdakı şirkətlər tutur: “Azərenerji” ATSC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, Dövlət Material Ehtiyatlari Agentliyi, “Azəripək” MMC, “Bakı Neft Maşınqayırma Zavodu” TASC.
“İxrac İcmalı”nda Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ-dir.
“İxrac İcmalı”-na əsasən 2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 475,7 milyon manat olub. Bu ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 100,9 milyon manat təşkil edib.
Mənbə: iqtisadiislahat.org