Litvanın Narvesen mağazalar şəbəkəsi və Lithuanian Press qəzet köşkləri bitkoinlərin pərakəndə satışına başladığını bəyan etdilər. Delfi agentliyinin verdiyi məlumata əsasən mağazalar və qəzet köşkləri müştərilərə sonradan digər bir saytda bitkoinlərə dəyişdirilə bilən xüsusi kuponları almağı təklif edirlər. Kuponları Rebiton servisi vasitəsi ilə bitkoinə çevirmək üçün yalnız bir e-poçt ünvanı və bir kripto-cüzdan ünvanı tələb olunur.
Narvesen mağazalar şəbəkəsinin icraçı direktoru Vigintas Bartaševičius: “Hazırda şəbəkəmizdə 60 mağaza var və daim məhsul və xidmətlərimizi genişləndirmək üçün imkanlar axtarırıq. Bu yaxınlarda müştərilərimizə Narvesen mağazalarının kassalarında kartla birbaşa nağdlaşdırma imkanını təklif etdik. İndi biz bitcoin-kuponlar təklif edirik. Bu kuponları nağd və ya kartla almaq mümkündür. Bitcoin kuponlar gənc auditoriyanın xoşuna gəlməlidir.”