Azərbaycan hökuməti yeni viza növü – “Start-up VISA” tətbiqinə hazırlaşır. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) arasında müzakirələr aparılır. DMX-nin rəisi Vüsal Hüseynov açıqlamasında xəbəri təsdiq edərək “Bizə müvafiq təklif daxil olub. Burada qanunvericiliklə bağlı bəzi məsələlər var və hazırda üzərində işləyirik” – deyib.
NRYTN yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli: “İnnovasiyalar Agentliyinin məqsədi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir. Agentlik xarici investorların Azərbaycana yatırıma təşviq etmək istiqamətində iş aparır və xaricdən gələcək yeni istedadların, sahibkarların ölkənin ekosisteminə daxil olmağın sadələşdirilmiş prosesini təmin etmək məqsədi ilə, dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycana gəlməsinə və getməsinə hüquq verəcək rəsmi sənəd – “Start-up Visa” üzərində işlər aparılır. Odur ki, süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırsınızsa, Azərbaycanda işinizə davam etmək şansınız yüksəkdir”.
Xatırladaq ki, bir sıra ölkələrdə – Latviya, Litva, Estonia, Fransa, Danimarka, Irlandiya, Italiya, Isveç, Niderland, Çilidə “Start-up Visa” istifadə olunmaqdadır.
Mənbə: banker.az