Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması 2 formada qəbul ediləcək:
- Dövlət və özəl təşkilatlar tərəfindən – Dövlət və özəl təşkilatlar sistemə daxil olaraq icazə almaq istədikləri əməkdaş və nəqliyyat vasitələrini qeyd edirlər.
- Vətəndaşlar tərəfindən – Vətəndaşlar təlimata uyğun olaraq hansı məqsədlə evdən çıxmaq istədiklərinə dair bildiriş üçün öz mobil telefonundan icazənin məqsədini bildirən rəqəmi və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini SMS-lə göndərir.
Sistemə daxil edilmiş məlumatlar servis vasitəsi ilə Daxili İşlər Nazirliyinə ötürülür.

Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS (SMS ödənişsizdir) məlumat göndərməlidirlər. SMS-də aşağıdakı 3 indeksdən biri və həmin şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

- Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara əsasən onlar 24 saat sərbəstdirlər.
- Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər. Avtomobil üçün əlavə icazəyə ehtiyac yoxdur. Avtomobildə digər sərnişin varsa, onun da icazəsi olmalıdır. Əks təqdirdə həmin şəxs xüsusi karantin rejiminin qaydalarını pozmuş sayılır.
SMS İcazə Sistemi təlimat videosu
Qeyd: Vətəndaşlar tərəfindən SMS-lə bilərəkdən yanlış məlumat vermək, zarafat etmək və aidiyyatı olmayan məzmunlu SMS-lər göndərməkdən çəkinməlidirlər. Çünki bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunur. Bu səbəbdən sui-istifadə halları müəyyən edildiyi halda hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcəkdir.
Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (misal: AZE11111111);
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);
- Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

Sistemin işləmə prinsipi:

Əlavə qeydlər:
- Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər;
- Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər;
- SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN Xidmətin” 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər;
- Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 2 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil edə bilərlər.

İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən zərurət olmadan evdən çıxan fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
Dövlət və özəl təşkilatlar tərəfindən icazə müraciətlərinin göndərilməsi.
Dövlət və özəl təşkilatlar icaze.e-gov.az istifadə edərək təşkilatların möhür səlahiyyətli şəxsi imza (Asan imza və ya Elektron imza) sertifikatı ilə ASAN Login vasitəsi ilə sistemə daxil olurlar. Sistemə daxil olmuş təşkilatlar qeydiyyat bitdikdən sonra icazə verilmiş əməkdaşlar və nəqliyyat vasitələri barədə məlumatları daxil edirlər.
Azərbaycanda xüsusi karantin rejiminin şərtləri
