Bitcoin: qiymət necə olacaq?

   11.05.2020 tarixində bitcoin şəbəkəsində kripto-cəmiyyətin səbirsizliklə gözlədiyi “bitcoin halvinq” baş verəcək. Halving (yarıya bölünmə) – maynerlәrә şəbəkədə hər yeni blok əlavə etdiyi üçün verilən bitcoin-mükafatın həcminin iki dəfə azaldılmasıdır. Satoshi Nakamoto 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı (White Paper) sənəddə halving-i hər 4 ildə bir dəfə olmasını proqramlaşdırmışdır. Yəni, bitcoin şəbəkəsində hər 10 dəqiqədə yaradılan bloklarda bitcoinlərin sayı dörd ildən bir yarıya endirilir. Bu proses 2140-cı ilə qədər davam edəcək.

  Hazırda kriptocəmiyyət iki düşərgəyə bölünüb: bəziləri halving-dən sonra ilk kriptvalyutanın qiymətinin artacağını, digərləri isə əksinə – qiymətin düşəcəyini hesab edir. Bitcoinblockhalf.com bitcoin sayğacına əsasən şəbəkədə bir blok tapmaq üçün mükafat 11 mayda 12.5-dən 6.25 BTC-yə düşəcək. Kripto ekspertlər bunu bitcoinin qiymətinin artması üçün əsas drayver hesab edir. Çünki bitcoin şəbəkəsindəki ilk iki halving növbəti 1-1.5 il ərzində kriptovalyutanın volatilliyinin artması ilə müşayiət olundu. Bitcoin-in qiyməti 1-ci halving-də 11 dollardan 1.100 dollara, 2-ci halving-də isə 230 dollardan 20.000-a qədər artmışdı. Təbii ki, hazırda dünya neft bazarında baş verən hadisələr də bitcoin üçün müəyyən mənada dəyər qazandırıb. Çünki tarixən dünyada baş verən hər hansı bir siyası və makroiqtisadi gərginlik zamanı bitcoin bir çox investorlar üçün rəqəmsal “qoruyucu aktiv” kimi çıxış edib. Faktiki olaraq bitcoin son bir ay ərzində 16% dəyər qazanaraq 8000 dollardan yuxarı qiymətdə ticarət edilir. Böyük ehtimal ki, bundan sonra bitcoin 9000-9500 dolları keçəcəkdir və iyul ayında 10.000-10.500 dollarlıq psixoloji həddə qədər qiymət artımı davam edəcəkdir.

    ABŞ-ın dünya bazarına əlavə 6.6 trilyn dollar buraxması da gələcəkdə qızıl və daşınmaz əmlakla bərabər bitcoin kimi anti-inflyasiya aktivlərinə tələbatı artıracaq. Bitcoin-ə olan tələbin artması və təklifin azalması qiymətlərin artmasına səbəb olacaqdır. Lakin buna baxmayaraq hesab edirəm ki, 11 may “bitcoin halvinq” kripto-investorlar üçün sürpriz ilə nəticələnsin. Koronavirus pandemiyası mart ayından başlayaraq dünyanın neft, səhm, əmtəə və kriptovalyuta bazarlarına öz mənfi təsirini göstərməkdədir. Dünya iqtisadiyyatında makroiqtisadi durğunluğun sentyabr ayından tez aradan qalxması da real görsənmir. Bu faktorlar ümumilkdə investorların əhval-ruhiyyəsinə mənfi təsir edir və onlar adətən belə zamanlarda öz investisiyalarını “nağd dollar” formasında saxlamağı daha çox üstünlük verirlər. Mövcud şəraitdə ən likvid aktivlərdən biri hesab edilən neftin qiymətinin 15-25 dollar olduğu bir zamanda BTC-nin dəyəri niyə qalxmalıdır? Nəzərə almaq lazımdır ki, BTC-nin indiki halda dəyər qazanması çox aşağı ticarət həcmində baş verir. Bu faktor bazarda BTC-yə real tələbin olmasına şübhə etməyə əsas verir. Yəni, hazırda “bitcoin halvinq”-i nəzərə almasaq bitcoin-in qiymətinin artması üçün real və tələbatı formalaşdıran fundamental faktor yoxdur. 

bitcoin-6

Müəllif:  Elnur Quliyev

Leave a Reply