Elektron Kredit Platforması nədir?

İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) istifadəyə verib. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması mexanizmi “Elektron Kredit Platforması” ilə icra olunur.

Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində 4 iyun 2020-ci il tarixli Fərmanı ilə dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri əlavə olunub. Bununla da sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb.

Qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq. Sahibkarlar  www.e-edf.gov.az ilə “Elektron Kredit Platforması”-na daxil olmaqla öz VÖEN-i və ASAN İmza ilə qeydiyyatdan keçməlidirlər. Bu zaman sahibkarın fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Bundan sonra sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir.

Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

  • sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;
  • kredit hesabatına əsasən, sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq gecikməsi olduqda;
  • sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;
  • sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;
  • sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda.
  • sahibkarlıq subyektinin icraatda və ya icraatı dayandırılmış vergi cinayət işi olduqda;
  • sahibkarlıq subyekti Azərbaycan RespublikasınınVergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi olduqda;
  • sahibkarlıq subyektinin fəaliyyət növü obyekt tələb etdiyi halda vergi orqanında qeydiyyatda onun obyekti olmadıqda;
  • sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyət vəziyyəti aktiv olmadıqda;
  • vergi uçot baza məlumatları ilə sahibkarlıq subyektinin faktiki iqtisadi və uçot göstəricilərində uyğunsuzluq aşkar olunduqda.

Sahibkarlıq subyekti imtina səbəblərində qeyd olunan çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər.

Leave a Reply